Bu gün İçərişəhərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olaraq “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, sərgi sənətin və təbiətin harmoniyasını, həmçinin müasir instalyasiyanın imkanlarını bir araya gətirən xüsusi bir tədbirdir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğulayıb ki, Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi bu sərgidə konseptual incəsənət formasında öz təzahürünü tapıb:
"Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulub. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edir".
Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar da nümayiş olunur. Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanat kimi yerli və xarici qurama sənətçilərinin əl işlərilə tanış ola bilərlər.
Qeyd edək ki, sərgi noyabrın 30-dək davam edəcək.