Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edən sərxoş kişi həbs edilib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü İntizam Fərhadov (ad-soyad şərti verilib – red.) 102 qaynar xəttinə zəng edib və məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlədib, xidmətin iş rejimini pozub.
İş üzrə izahat verən Fərhadov bildirib ki, içkili olduğu üçün özündə olmayıb və bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib: “Məlumatı qəbul edən operatorun ünvanına nalayiq ifadələr işlətdim. Əməlimdən səmimi peşmanam. Bir də belə hallara yol verməyəcəm”.
Fərhadovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə o, 12 gün müddətinə həbs edilib.
Bakı 




