"İdrak" liseyində baş verən məlum güllələnmə hadisəsindən sonra bəzi valideynlərin övladını bu gün buraxmadığı iddia olunur. Onların vəziyyətin tam normallaşmasını gözlədikləri deyilir.
Bu məlumatlar nə qədər doğrudur? “İdrak” liseyində şagirdlərin davamiyyəti hansı vəziyyətdədir?
Bu suallara cavab almaq üçün Bakıvaxtı.az sözügedən təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Liseydən bildirilib ki, davamiyyət stabildir və hər hansı ciddi azalma müşahidə olunmur.
“Şagirdlərin məktəbə gəlişində problem yoxdur. Dərslər bormal qaydada davam edir”, - “İdrak”dan bildirilib.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilova yaralanıb.
Ş.Kamilova hadisədən dərhal sonra Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Əməliyyat edildikdən sonra müəllim palataya köçürülüb, müalicəsi davam etdirilir.
Əli Hüseynov
Bakı 




