Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:
"Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var. Bu səbəbdən, media bütün bu proseslər fonunda ayıq-sayıq olmalıdır.
Keçmiş nazir əlavə edib ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarıdır:
"Prosesə bu və ya digər şəkildə Ermənistan da qoşulub. Ermənistanda sülh gündəliyinə qarşıolan bəzən ziddiyətli bəyanatlar səslənir. Həm Avropada, həm də bu ölkədə təbliğat kampaniyası var".
Deputat Fariz İsmayılzadə isə öz növbəsində Azərbaycanın Cənubi Qafqazda etibarlı tərəfdaş olmasına toxunub.
O həmçinin Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunaraq qeyd edib ki, bu ölkənin daxilində baş tutan fikir müxtəlifliyi səbəbindən bəzi qüvvələr sülh prosesinə zərbə vurmaq istəyir.
Deputat Rizvan Nəbiyev deyib ki, Azərbaycana son zamanlar edilən yüksəksəviyyəli səfərlər ölkəmizin dünyada baş verən proseslər fonunda etibarlı tərəfdaş olmasından xəbər verir.
Tarixçi-alim Rizvan Hüseynov bildirib ki, hazırda Fransa öz nəzərini Cənubi Qafqaza çevirib:
"Azərbaycan regionda liderdir. Qarabağı azad etmək necə bizim üçün prioritet idisə, Azərbaycanın Cənubi Qafqazda liderliyini qoruması da elədir. Fransanın Ermənistanı alət kimi istifadə etməsi heç bir işə yaramayacaq".
Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə bitib.
Bakı 




