• Bakı 17° C

    2.31 m/s

“İlk növbədə sülhməramlılar Qarabağdan getməlidir” - İlham Rəhimov

SİYASƏT

11 Fevral 2022 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

“İlk növbədə sülhməramlılar Qarabağdan getməlidir” - İlham Rəhimov

”Yaranmış gərginlk əslində Rusiya - NATO münasibətlərindən qaynaqlanır. Rusiyanı narahat edən əsas məsələ onun təhlükəsizliyidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov “News24.az”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvü olacağı təqdirdə Rusiya bunu birbaşa özünə təhdid hesab edir: “Bu barədə Putin Makronla görüşdə də açıq bildirdi. Lakin, fikrimcə, hazırkı durumu mətbuat çox şişirdir. Mən düşünmürəm ki, Rusiyanın Ukraynaya hücum etmək kimi bir planı olsun.

Digər tərəfdən, Rusiya Donbasda və Luqanskda yaşayan rusların taleyinə də biganə deyil. Donbasda təxminən 5 milyon əhali var. Onların da 70-75 faizi ruslardır. Hazırda Ukrayna da təmas xəttinə çox sayda hərbi qüvvələr yığıb. Əgər Ukrayna Donbasa hücum etsə, bu zaman Rusiya da münaqişəyə qoşulacaq. Lakin Ukraynanın belə bir avantüraya gedəcəyinə inanmıram. Bu baxımdan regionda hər hansı böyük hərbi münaqişə ehtimalı azdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etmək təklifinə münasibət bildirən İ.Rəhimov deyib ki,  Ukrayna - Rusiya münasibətlərinin gərginləşməsi Türkiyənin marağında deyil. Çünki hər iki dövlətin əlaqələri yaxşıdır: “Ərdoğan Zelenskiyə görüş üçün təklif eləsə o razılaşacaq. Lakin, Putin sual verəcək ki, biz Zelenskiylə nəyi müzakirə edəcəyik? Мən birinci sualınıza cavab verəndə bildirdim ki, əsas problem Rusiya –NATO və bu hərbi-siyasi təşkilatın avanqardı olan ABŞ-ladır. Bildiyiniz kimi Putin yazılı tələbini ABŞ-a çatdırıb və indi də onlar arasında bununla bağlı danışıqlar gedir. Ruslar Krım məsələsini nə Zelenski ilə, nə də başqası ilə müzakirə edən deyillər. Bu məsələ artıq onlar üçün bitib. Donbas və Luqanska gəldikdə isə Ukrayna tərəfinə deyirlər ki, onları razı salmağın yollarını axtarın. Lakin, buna baxmayaraq, belə bir görüş, ümumən gərginiyin azalmasına yardım göstərə bilər və Ərdoğann təşəbbüsü alqışa layiqdir”.

İ.Rəhimovun  Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı “bir millət-iki dövlət” formatından “bir millət-bir dövlət” formatına keçməliyik” fikri rezonansa səbəb olub. Buna münasibət bildirən professor deyib ki,irəli sürdüyü bu fikiri bəziləri düzgün başa düşməyib: “Fikrimin məğzi odur ki, Türkiyə ilə inteqrasiya o qədər güclü və sıx olmalıdır ki, həm dostlarımız, həm də düşmənlərimiz anlasın ki, biz bir millət və bir dövlət kimiyik. Məsələn, Rusiya-Belarus İttifaqı kimi” deyən Rəhimov hesab edir ki, “Şuşa bəyannaməsi” o inteqrasiyanın önəmli hissəsidir. Deidyinə görə, Ermənistanda revanşistlər çoxdur, hər zaman baş qaldıra bilərlər: “30 ildən sonra da oxşar hadisələr yaşanmasın deyə biz bu birliyimizlə həmin şəxslərə də mesaj vermiş oluruq.

Yəni inteqrasiyamız daha güclü olmalıdır, leksikonumuzda “Azərbaycan türkü”, “Türkiyə türkü” yox, sadəcə “türk” anlayışı olmalıdır.

Eyni zamanda siyasi, iqtisadi, maliyyə, humanitar sahələrdə də çox sıx inteqrasiyanının dərinləşməsi vacibdir”.

İ.Rəhimov Rusiya və Türkiyə arasındakı münasibətləri gələcək perspektivini də dəyərləndirib. O, Rusiya və Türkiyə münasibətlərinin bundan sonra bu cür davam edəcəyini düşünür: “Dünyada çox məsələləri iqtisadiyyat həll edir, bu mənada hər ilk ölkənin bir-birindən asılı olduğu tərəflər var. Əgər diqqət etdinizsə, Putin Ərdoğanın xəstələndiyini eşidən kimi dərhal ismarıc göndərdi, sağlamlıq arzu etdiyini bildirdi. Ərdoğanın Zelenskini tez-tez görüşməsinə görə də, Putin ondan inciməyib, çünki bu, siyasətdir”.

Rusiya-Belarus İttifaqının yaranması, Ukraynada və Qazaxıstanda baş verən hadisələri əsas götürərək bəzi politoloqlar hesab edir ki, Rusiya SSRİ-nin bərpasını istəyir. Bu iddiaya gəlincə, İ.Rəhimov deyib ki, Putin heç vaxt SSRİ-ni bərpa etmək istədiyini dilə gətirməyib: “Bu xatirəmi ilk dəfə sizinlə bölüşürəm. Putin 2000-ci ildə yeni prezident seçiləndə məni ailəmlə birlikdə Moskvaya qonaq dəvət etdi. Görüş zamanı qısaca olaraq öz planlarından danışanda belə başa düşdüm ki, Rusiyanı güclü dövlət kimi görmək istəyir. Qeyd edirdi ki, Rusiyanın maraqlarını nəzərə almamaq olmaz. Keçmiş SSRİ ölkələri ilə bağlı münasibətləri barədə soruşanda dedi ki, “müstəqil dövlətlər kimi dost əlaqələri saxlanılacaq, Sovet dövründə problemləri birgə görmüşük, yükü təkcə Rusiyanın üzərinə atmaq doğru deyil”. Keçmiş xatirələrimizi yada salanda zarafatla köhnə SSRİ dövrünə qayıda bilərikmi soruşanda, Putin belə bir şeyin heç vaxt mümkün olmayacağını bildirdi. Çünki həmin dönəmlər bütün problemləri Rusiya həll edirdi. Artıq Rusiyanın o yükü çiyinlərinə götürmək istəmədiyini bildirdi”.

Onun sözlərinə görə,  Sovet dövründə yaşayan insanların çoxu nostalji hisslərdən ayrıla bilmir. Çünki təhtəlşüurlarında sovet dönəminin izləri qalıb. İnsanların həmin zamanlara qayıtmaq istəyi isə o dönəmlərin müqayisəsi ilə bağlıdır: “Səhiyyə, təhsil, işlə təmin olunma və s. kimi sahələri müqayisə edən vətəndaş düşünür ki, o dönəm daha yaxşı idi. Bu müqayisə təkcə bizdə aparılmır, SSRİ-nin tərkibində yer alan digər dövlətlərə də aiddir”.

İ.Rəhimov deyib ki,  “azadlıq”, “müstəqillik” sovet dövründə bizə yad anlayışlar idi. İndi həmin travmanın nəticəsidir ki, çox insan azad və müstəqil olduğunu qəbul edə bilmir. Müəyyən zaman lazımdır ki, həmin nostalji hisslər və sovetin izləri təmizlənsin. Ya da Sovetlər dönəmində yaşamış nəsillər getdikdən sonra artıq o travma öz-özünə yox olacaq.
“Müstəqillik anlayışını klassik formada götürəndə faktiki olaraq dünya dövlətlərinin heç biri müstəqil deyil. Dediyim odur ki, dövlətlərin hamısının bir-birindən bu cür asılılığı var.
Çünki hamısı bir-birindən müəyyən qədər asılıdır. Biz burada iqtisadi, siyasi, dini və hərbi asılılığı qeyd edə bilərik. Məsələn, Avropa dövlətləri müəyyən mənada Rusiyadan asılıdır, çünki Rusiyanı zəngin təbii sərvətləri, bol qaz ehtiyatları və s. var. Bütün bunlara görə Avropa Rusiyadan asılıdır. Digər tərəfdən Rusiyanın özü də Avropadan asılıdır, çünki Avropada da müasir texnologiya var.
Avropa ölkələrinin əksəriyyətinin ərazisində, hətta Türkiyədə də ABŞ-ın hərbi bazası mövcuddur. Rusiyanın sülhməramlı hərbçiləri bizim ərazilərimizə yerləşib. Məsələyə təkcə bu prizmadan baxsaq, təkcə bizi yox, əksər ölkələri müstəqil saymamalıyıq. Ancaq bu, doğru fikir deyil. Müstəqilliyi hansısa ölkənin ərazisində digər dövlətin hərbi bazasının və ya sülhməramlısının olması ilə əlaqələndirmək yanlış fikirdir.

Mənim qəti fikrim budur: ümumiyyətlə, Azərbaycanda hər hansısa bir ölkənin sülhməramlı qüvvəsinin və ya hərbi bazasının olmasını istəmirəm.
Şəxsən mən indi Azərbaycanın müstəqil dövlət olması, özümün də müstəqil Azərbaycan vətəndaşı olmağım ilə fəxr edirəm”.

Azərbaycan prezidenti dəfələrlə Ermənistanla sülhə hazır olduğunu bəyan edib. Ermənistanın baş naziri bu danışıqlara hazır olduğunu dolayı yolla bir neçə dəfə ifadə etsə də, praktiki addım atmadığını görürük. Mövcud mənzərəni şərh edən professor deyib ki,  Qarabağda sülh müqaviləsinin bağlanması orada yaşayan ermənilərin taleyi ilə bağlıdır. Paşinyan hakimiyyətini bu məsələ narahat edir. Onun sözlərinə görə, əgər ermənilər Qarabağda yaşamağa davam edəcəklərsə, onlara hansı statusun veriləcəyi əsas məsələlərdən biridir: “Sənədə qol çəkməklə iş bitmir. Bu sənədin detalları var. Onları qaydasına qoymaq lazımdır”.
“Sizcə, Xankəndi, Xocalı və s. işğal altında olan torpaqlarımıza qovuşmaq üçün hansı addımlar atılmalıdır” sualına İ.Rəhimovun cavabı belə olub:

“İlk növbədə sülhməramlılar Qarabağdan getməlidir. Ancaq biz görürük ki, Qarabağda insidentlər hələ də baş verir. Sülhməramlılar o vaxt gedə bilər ki, ermənilər bizim qayda-qanunlarla yaşamağa razı olsunlar. Belə olan halda sülhməramlılar öz funksiyalarını yerinə yetirdiklərini qeyd edərək Qarabağdan geri qayıda bilərlər”.

Konstitusiyamızda ermənilərə hansısa statusun verilməsinə gəlincə, İ.Rəhimov deyib ki, vətəndaşlığın özü də bir statusdur. Onlar Azərbaycan vətəndaşları olmalıdır. Mədəni muxtariyyət istəyirlərsə, zənnimcə, bu da problem deyil. Məktəbləri olsun, öz dillərində danışsınlar, öz televiziyalarına baxsınlar, öz teatrları olsun, Ermənistana səfərlər etsinlər və s. Bunlar düzələn məsələlərdir. Ancaq ermənilər qəbul etməlidir ki, Azərbaycan ərazisində yaşayırlar və bizim vətəndaşlarımızdır. Bu prinsip və qanunlar əsasında yaşasalar, narahatlıq yoxdur.

“Cəmiyyətdə belə bir yanaşma var ki, Şuşanı alanda gərək Xankəndiyə də girərdik...” fikrinə münasibət bildirən hüquqşünasın sözlərinə görə,bu problemin qısa müddətdə və birdəfəlik həll edilməsini Azərbaycan prezidentindən çox kim istəyə bilərdi? İmkan olduğu təqdirdə Azərbaycan Prezidentinin bu addımı atmaması üçün ciddi səbəb yoxdur, axı. Deməli, mövcud reallıqlar bizi dayanmağa məcbur etdi.

“Gəlin, əvvələ qayıdaq, müharibə getdiyi dönəmdə dünyaya bəlli idi ki, sonda qələbə bizim olacaq. Ancaq həmin ərəfədə də Ermənistanı müdafiə edən güclü dövlətlər var idi. Ermənistan müharibə gedən əsnada dünyaya car çəkirdi ki, vaxtilə bizi Türkiyə türkləri soyqırıma məruz qoyub, indi isə Azərbaycan türkləri. Belə olan halda bizim Ordumuz erməni əhalisinin yaşadığı Xankəndiyə girsəydi, hansı mənzərə yaranacaqdı? Dünyada nüfuzumuz çox aşağı düşəcəkdi, soyqırımda günahlandırılacaqdılar bizi və s. İndi ortaya bir sual çıxır: Bu, bizə lazım idi? Situasiyanı yaşayıb, qərar verməklə kənardan qiymətləndirmək fərqli anlayışlardır. Kənardan dəyərləndirmək çox rahatdır, çünki məsuliyyət yoxdur. Ancaq bir ölkənin taleyini çiynində daşıyan dövlət başçısı üçün bu qərarı vermək çox məsuliyyətli və çətin məsələdir. Yəni prosesə birtərəfli yox, hərtərəfli baxmaq lazımdır. Azərbaycan prezidentinin məhz düzgün siyasəti nəticəsində 44 günlük müharibədə mövcud imkanlar daxilində bütün lazımi işlər görüldü və xalqın gözlədiyi qələbə qazanıldı.

Hazırkı məqamda biz elə siyasət yürütməliyik ki, Rusiya sülhməramlıları Qarabağı tərk etsin. Bu məsələnin tezləşdirilməsi bizim, Rusiyanın və Ermənistanın addımlarından asılıdır. Rusiyanı qızışdırmaq nəyə lazımdır? Əksinə, sülhməramlılar Qarabağda olduğu müddətdə onlarla yumşaq danışmaq lazımdır ki, zamanla oranı tərk etsinlər. Təbii ki, Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdə yaranan müxtəlif situasiyalarla bağlı onlarla müzakirə etmək lazımdır və vacibdir. Ola bilər ki, onlar bu və digər problemin əhəmiyyətini və ya bizim üçün həssaslığını o qədər də başa düşmürlər. Əlbəttə, belə olan hallarda bizim rəsmi qurumlar onlara sözlərini çatdırmalıdırlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026