Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.
22:43
İmişlidə toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.
Bakıvaxtı.az-ın sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri sabit qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
20:45
İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb.
Bunu İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib.
"Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə - botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb", - şöbə müdiri bildirib.
Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət edib.
18:47
Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.
Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.
***18:26
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.
"Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.
Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır" - deyə məlumatda qeyd edilib.
***17:21
İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Toy mərasimində zəhərlənən 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



