"2026-cı ilin birinci yarısına qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək çox çətindir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın gələn ilin iyun ayınadək, yəni seçkilərə kimi Konstitusiya dəyişikliklərinə, referenduma gedəcəyi inandırıcı deyil:
"Paşinyanın əsas məqsədi daxili-siyasi meydanı elə hazırlamaqdır ki, parlament seçkisində qalib gələ bilsin. Sülh sazişinin imzalanması bəzi dairələr üçün, yaxud da erməni cəmiyyətinin bir hissəsi üçün qıcıqlandırıcı amil kimi görünə bilər. Ancaq əsas məsələ saziş sənədinə imza atılması yox, Konstitusiyanın dəyişdirilməsi, ərazi iddialarının tamamilə aradan qaldırılmasıdır. Məhz bu dəyişiklikləri seçkilərdən öncə həyata keçirmək təşəbbüsü ölkədə daxili-siyasi sabitliyin pozulmasına gətirib çıxaracaq. Bu da Paşinyanın xeyrinə deyil”.
Müsahibimiz hesab edir ki, böyük ehtimalla Paşinyan seçkilərdə qalib gəldikdən sonra Konstitusiya dəyişikliyi prosesini sürətləndirəcək. Dediyinə görə, əgər gələn ilin sonunadək Konstitusiya dəyişdirilərsə, o zaman ümid etmək olar ki, hər iki ölkə sülh sazişinə imza ata bilər.

İlqar Vəlizadə: Hadisələr bu minvalla inkişaf edərsə, 2026-cı ilin sonunda sülh sazişi imzalana bilər
İ.Vəlizadə onu da istisna etmir ki, tərəflər arasında yekun sülhün imzalanması prosesində də ABŞ-nin xüsusi rolu ola bilər:
"Ümumən, 2025-ci il ərzində sülh prosesində əsaslı dönüşlər baş verdi. Sülh sazişinin mətninin paraflanması, TRİİP layihəsi ilə bağlı qərar, o cümlədən müəyyən ticari əlaqələrin qurulması ondan xəbər verir ki, Azərbaycanın müəyyən etdiyi regional dəsti-xətt lazımlı məcrada irəliləyir. Hadisələr bu minvalla inkişaf edərsə, 2026-cı ilin sonunda sülh sazişi imzalana bilər. Təbii ki, bunun üçün Paşinyan seçkidə qalib gəlməlidir".
Aydın Baxış
Bakı 




