• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

İranın səssizliyi və ittiham dili: Azərbaycanla münasibətlərdə gerçək problem haradadır?

SİYASƏT

28 Yanvar 2026 | 13:48

İranın səssizliyi və ittiham dili: Azərbaycanla münasibətlərdə gerçək problem haradadır?

27 yanvar Azərbaycana qarşı törədilmiş ağır bir cinayətin tarixə çevrildiyi gündür. Xarici ölkədə yerləşən səfirliyimizə edilən silahlı hücum təkcə bir terror aktı deyildi. Bu, dövlətin diplomatik toxunulmazlığına, insan həyatına və beynəlxalq normalara açıq hörmətsizlik idi.

Həmin gün bir Azərbaycan vətəndaşı vəzifə borcunu yerinə yetirərkən həyatını itirdi, digərləri isə ölümü gözə alaraq daha böyük faciənin qarşısını aldı. Bu faktın özü hadisənin təsadüfi olmadığını göstərirdi.

Belə hücumlar adətən texniki səbəblər, fərdi motivlər və ya psixoloji vəziyyətlə izah edilməyə çalışılır. Amma dövlət səviyyəsində qorunan diplomatik obyektdə baş verən silahlı hücumun göz görə-görə həyata keçirilməsi başqa bir həqiqəti ortaya qoyur. Təhlükəsizlik mexanizmləri ya işləməyib, ya da işləməsinə ehtiyac duyulmayıb. Bu isə suallar doğurur. Hər iki halda məsuliyyət dövlətin üzərində qalır.

Hadisədən sonra Azərbaycanın tutduğu mövqe göstərdi ki, rəsmi Bakı məsələyə emosional deyil, prinsipial yanaşır. Tələblər açıq qoyuldu, məsuliyyət tələb olundu və yalnız bu tələblər qəbul edildikdən sonra münasibətlərdə texniki bərpa mərhələsinə keçildi. Bu, zəiflik yox, dövlət ciddiyyətinin nümunəsi idi. Azərbaycan ilk dəfə deyildi ki, səbrlə, amma qətiyyətlə davranırdı.

Lakin zaman keçdikcə gözləntilərlə reallıq arasında fərq daha aydın görünməyə başladı. Anti-Azərbaycan ritorikası səngimədi. Əksinə, müxtəlif bəhanələrlə yenidən gündəmə gətirildi. Xarici diplomatların Bakıya səfərlərinin narahatlıqla qarşılanması, daxili işlərimizə eyham vurulması və üstüörtülü ittihamlar bunun bariz nümunəsidir. Halbuki Azərbaycan kiminlə hansı səviyyədə münasibət quracağını özü müəyyən edən müstəqil dövlətdir.

Dünyada baş verənlərə baxanda bu davranışların haradan qaynaqlandığını anlamaq çətin deyil. Öz vətəndaşına qarşı zorakılıq edən, etirazları güllə və edamla boğan rejimlər adətən məsuliyyəti kənarda axtarır. Xarici düşmən obrazı daxili problemləri örtmək üçün ən rahat vasitədir. Azərbaycan isə bu ssenarilərdə iştirak etməyib və iştirak etməyəcək.

Ən maraqlısı odur ki, bütün regional gərginliklər fonunda Azərbaycan həmişə sabitlikdən yana olub. Müharibələrin genişlənməsinə qarşı çıxıb. Qonşu ölkələrdə xaosun yaranmasının özünə də zərər verəcəyini yaxşı anlayıb. Bu mövqe dəfələrlə ən yüksək səviyyədə açıq şəkildə ifadə olunub. Buna baxmayaraq, təşəkkür yerinə ittihamlar səslənir.

Diplomatiya ittiham dili ilə qurulmur. Xüsusilə də terrorun ildönümündə səssizlik, yaxud qeyri etik bəyanatlar verilirsə, bu artıq siyasi korluqdan xəbər verir. Normal halda üzrxahlıq, ehtiram və hörmət gözlənilən gündə təzyiq dili seçilirsə, deməli problem münasibətdə deyil, yanaşmadadır.

Azərbaycan nə kiminsə düşmənidir, nə də kiminsə alətidir. Bu ölkə regionda sabitlik istəyir, amma öz ləyaqəti hesabına yox. Kimsə Bakıya kimin gəlib getməsini sorğulamaq hüququna malik deyil. Bu cür cəhdlər nə nəticə verər, nə də təsirli olar.

Bu gün Azərbaycan öz mövqeyini sübut etməyə ehtiyac duymur. Onun sözünə qulaq asılır, mövqeyi nəzərə alınır və qərarlarına hörmət edilir. Tarix dəfələrlə göstərib ki, bu dövlət səbrlidir, amma unutmur. Təzyiqə boyun əymir, dostluğun isə qədrini bilir. Kim bunu anlamırsa, problemi Azərbaycanda yox, öz yanaşmasında axtarmalıdır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR