“İstanbul danışıqları Putinin təşəbbüsü ilə keçirilir”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Abutalıb Səmədov İstanbulda Türkiyə-Rusiya-Ukrayna və Türkiyə-ABŞ-Ukrayna görüşlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məqsəd 2022-ci il mayın 15-də yarımçıq qalan İstanbul danışıqlarını davam etdirməkdir:
"Rusiya tələb edir ki, bu danışıqlar vasitəçi olmadan keçirilsin və sülh sazişi müzakirə olunsun. Danışıqların gedişində atəşkəs barədə razılığa gəlmək mümkündür. Ukraynanın mövqeyi fərqlidir. Ukrayna əvvəlcə 30 günlük atəşkəs, sonra sülh danışıqlarını aparmağı təklif edir. Yaxın vaxtlarda bir nəticə ola bilərmi? Çox çətindir. Çünki mövqelər kəskin şəkildə bir-birindən fərqlənir”.
Müsahibimiz deyib ki, Rusiyanın tələbləri ABŞ-nin təklif etdiyi planla üst-üstə düşməsə də, çox yaxındır. Ancaq Ukraynanın mövqeyi tamamilə fərqlidir. Siyasi şərhçiyə görə, əgər Tramp Zelenskini məcbur edə bilsə, təbii ki, yaxın vaxtlarda Putin-Zelenski görüşü Trampın iştirakı ilə keçirilə bilər:
“Ancaq aydın məsələdir ki, bu, çox çətin olacaq. Ukrayna birmənalı şəkildə qəti mövqe tutub. Əvvəl atəşkəs, sonra danışıqlar. Atəşkəsə getmə ehtimalı da aşağıdır. Rusiyanın hücumları davam edir və son 3 ildə ən uğurlu hücumlar həyata keçirir. Hər gün irəliləyir və bu hücumlardan təzyiq vasitəsi kimi istifadə edir ki, Ukrayna onun şərtlərinə əməl etsin".
Analitik vurğulayıb ki, hətta Ukraynanın sülhə getməməsi də Rusiyanın xeyrinədir:
"Çünki daha çox ərazi işğal edib, şərtləri bir az da ağırlaşdırmaq istəyir. Əslinə qalsa, Ukraynanın indiki şəraitdə sülhə getməsi bəlkə də daha yaxşı variantdır. Sabah ola bilsin, daha ağır şərtlərlə sülhə getməyə məcbur ola bilər. 2022-ci ildə müzakirə olunan şərtlər indi xeyli ağırlaşıb. Putin də açıq şəkildə dedi ki, İstanbul danışıqları reallıqlar nəzərə alınmaqla davam etdirilməlidir”.
Abutalıb Səmədov: Ukraynanın mənafeyi tələb edir ki, Zelenski sülh yollarını axtarsın
A.Səmədov qeyd edib ki, Rusiya artıq dörd vilayəti "öz ərazisi" elan edib və onlardan imtina etmək fikri yoxdur. Ukrayna sülhə razılıq vermək istəmir, çünki Rusiyanın istədiyi onu qane etmir:
“Tramp Putinin mövqeyini tam olmasa da, dəstəkləyir. İndiki şəraitdə Ukrayna sülhə getməsə, sabah daha ağır şərtlərlə sülhə getməyə məcbur ola bilər”.
Analitik hesab edir ki, ancaq burada başqa variant da mümkündür. Belə ki, onun fikrincə, ABŞ Ukraynaya əvvəlkilərdən artıq yardım etsə, bəlkə də Rusiyanı tutduğu ərazilərdən çıxartmaq da mümkün olar:
“Ancaq bu ehtimal azdır. Belə şəraitdə Ukraynanın mənafeyi tələb edir ki, Zelenski sülh yollarını axtarsın və öz mövqeyində təkid etməsin, heç kimə ən əsası güvənməsin. Trampın Türkiyəyə gəlməsi o halda mümkün olar ki, ilkin razılaşma olsun və yalnız sənədi imzalamaq üçün prezidentlər Türkiyəyə gəlsinlər".
Aydın Baxış