Bir neçə gün öncə İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi. Eyni zamanda 2023-cü ildə İranda saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində Azərbaycana təhvil verildi.
Maraqlıdır ki, bu qərarlar İranın Azərbaycanla münasibətləri qaydaya salmağa çalışdığını göstərə bilərmi?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün lazımi siyasəti ortaya qoymalı və yanlışları düzəltməli idi.
Onun sözlərinə görə, İran tərəfindən verilən müvafiq qərarlar və daxildə Azərbaycana qarşı ritorikanın aradan qaldırılması iki ölkə arasındakı münasibətlərin yenidən bərpa olunmasına səbəb olub:
"İkinci Qarabağ savaşından sonra İranla Azərbaycan arasında münasibətlərin gərgin olması hər kəsə məlumdur. Müharibədən sonra Tehranın daxilində olan bəzi qüvvələr İran-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb olan addımlar atıblar. Eyni zamanda bütün bu proseslərin kuliminasiya nöqtəsi kimi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində Azərbaycan səfirliyinin bir əməkdaşının şəhid olmasına və iki əməkdaşın xəsarət almasına səbəb olan hadisədən sonra diplomatik münasibətlər kəsilmişdi. Təbrizdə konsulluğumuz fəaliyyət göstərsə də, Azərbaycan dövlət rəhbərliyinin göstərişi ilə əməkdaşlar təxliyyə edilmişdi. İranın atdığı son addımlardan sonra səfirliyimiz yeni binaya köçürülərək fəaliyyəti bərpa edildi. Bu, Azərbaycanın şərtləri yerinə yetirildikdən sonra baş verdi. Həmçinin Zəngəzur dəhlizinə aletrnativ yolun tikinti ilə bağlı razılıq əldə edilib".
Xəyal Bəşirov: İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün lazımi siyasəti ortaya qoymalı idi
X.Bəşirov qeyd edib ki, İranda saxlanılmış Fərid Səfərli ölkəmizə qaytarılandan sonra İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin bərpa edilməsi və 16-cı iclasının çağırılması da İranın atdığı addımlardan biridir.
"Buna baxmayaraq, hələ də İran daxilindəki bəzi əyalət mollaları və digər şəxslər müəyyən xoşagəlməz hallara yol açırlar. Bu şəxslər yenə də anti-azərbaycan ritorikasını davam etdirirlər. Bu, dövlət və cəmiyyət olaraq Azərbaycanı narahat edir. Biz bu məsələdə də qarşı tərəfin yanlışlıqları düzəldəcəyinə ümid edirik. Əgər İran Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, sözügedən halları aradan qaldırmağa çalışmalıdır", - deyə Xəyal Bəşirov vurğulayıb.
Gülşən Şərif