• Bakı C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

İran Suriyanın durumuna düşə bilər - Sabiq baş diplomatla MÜSAHİBƏ

MÜSAHİBƏ

12 Mart 2026 | 10:08

İran Suriyanın durumuna düşə bilər - Sabiq baş diplomatla MÜSAHİBƏ

Yaxın Şərqdə artan hərbi gərginlik və regionda baş verən son hadisələr İranın daxili idarəetmə sistemində mövcud vəziyyət barədə müzakirələri daha da aktuallaşdırıb.

Ekspertlər hesab edir ki, hərbi əməliyyatların intensivləşməsi və təhlükəsizlik sahəsində baş verən hadisələr ölkə daxilində qərarvermə mexanizmlərinə də təsir göstərir. Bəzi müşahidələr göstərir ki, müxtəlif səviyyələrdə qəbul edilən qərarlar arasında uyğunsuzluqlar yaranır və bu da İranın siyasi və hərbi idarəetmə strukturunun necə işlədiyi ilə bağlı suallar doğurur.

Mövcud proseslərin İranın daxili sabitliyinə, strateji proqramlarına və regiondakı mövqeyinə necə təsir göstərə biləcəyini daha aydın anlamaq üçün sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

- İranda son hadisələr fonunda idarəetmə sisteminin vəziyyətini necə qiymətləndirirsiniz?

İranda idarəetmə sistemi faktiki olaraq ciddi böhran mərhələsinə daxil olub. Əvvəllər ölkədə iki əsas güc mərkəzi mövcud idi – teokratik hakimiyyət və mülki idarəetmə strukturları. Lakin hazırkı şəraitdə bu balansın pozulduğunu görürük. Hərbi əməliyyatlar fonunda artıq aşağı səviyyəli regional hərbi və siyasi rəhbərlərin müstəqil qərarlar qəbul etdiyini müşahidə edirik. Bu qərarlar isə bir çox hallarda rəsmi dövlət strukturlarının mövqeyi ilə üst-üstə düşmür.

- Bu vəziyyətin real nümunələri varmı?

-  Bəli, belə nümunələrdən biri Naxçıvana dron hücumu ilə bağlı hadisədir. Məlum oldu ki, bu addım İranın rəsmi siyasi mövqeyinə uyğun deyildi. Hətta İran Prezidenti Məsud Pezeşkianın telefon zəngindən sonra da aydın oldu ki, hadisə mərkəzi hakimiyyətin qəbul etdiyi qərar deyil. Bu isə idarəetmə mexanizmlərinin koordinasiyasında ciddi problemlərin olduğunu göstərir.

- Regionda baş verən hərbi əməliyyatlar İranın strateji proqramlarına necə təsir edir?

- Hərbi əməliyyatlar göstərir ki, İranın nüvə proqramı və ballistik raket istehsalı kimi yüksək texnologiyaya əsaslanan sahələrinə ciddi zərbələr dəyib. Bu proqramların həyata keçirildiyi bəzi istehsal məntəqələri və müəssisələr dağıdılıb. Belə şəraitdə həmin proqramların əvvəlki tempdə davam etdirilməsi faktiki olaraq mümkün görünmür.

- Bu proseslərin İranın daxili sosial vəziyyətinə təsiri necə ola bilər?

- Enerji sektoru və əhali üçün həyati əhəmiyyət kəsb edən digər infrastruktur obyektlərinə zərbələrin endirilməsi sosial gərginlik riskini artırır. Enerji və iqtisadi sabitlik pozulduqca, əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlər meydana çıxır. Bu isə sosial narazılığın artmasına səbəb ola bilər.

- Fars körfəzi və regiondakı digər qüvvələrin fəaliyyəti İran üçün hansı riskləri yaradır?

- Fars körfəzi bölgəsində müxtəlif qrupların həyata keçirdiyi hücumlar gec-tez İranın idxal imkanlarına da zərbə vuracaq. Bu isə iqtisadiyyatın xarici ticarət komponentinə mənfi təsir göstərərək sosial sahədə əlavə gərginlik yaradacaq. Nəticədə əhalinin həyat səviyyəsinə təsir edən yeni problemlər ortaya çıxa bilər.

- Mövcud proseslər davam edərsə, İranı hansı ssenarilər gözləyə bilər?

- Hazırda İran çox ciddi böhranla üz-üzədir. Əgər hərbi əməliyyatlar dayanmasa və daxili idarəetmə böhranı dərinləşərsə, regionda əvvəllər müşahidə etdiyimiz bəzi ssenarilərin – o cümlədən Suriyada baş verən proseslərə bənzər vəziyyətin müəyyən elementlərinin İran ərazisində də ortaya çıxması ehtimalını tam istisna etmək olmaz. Bu isə həm ölkə daxilində, həm də regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Mart 2026