• Bakı C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Firudin Cəlilov: “Müəllimin hörmətdən düşməsində məndən sonrakı nazirlərin də böyük günahı var” - MÜSAHİBƏ

MÜSAHİBƏ

09 Fevral 2026 | 10:17

Firudin Cəlilov: “Müəllimin hörmətdən düşməsində məndən sonrakı nazirlərin də böyük günahı var” - MÜSAHİBƏ

Bakıdakı “İdrak” liseyində baş verən silahlı insident - 10-cu sinif şagirdinin müəllimini güllələməsi ölkə gündəmini silkələdi. Cəmiyyətdə, mediada hər kəs bu məsələni müzakirə edir.

Hər kəs olaylara öz baxış bucağına müvafiq rəy bildirir. Kimi lisey rəhbərliyini, kimi şagirdi və valideynini, kimi də aidiyyəti nazirliyi qınayır. Hər şərhin sonunda bir “Niyə?” yazılır.

Bakıvaxtı.az bu “niyə”lərə cavab tapmaq məqsədilə sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilovla əlaqə saxlayıb.

Sablq nazirin saytımıza maraqlı müsahibəsini təqdim edirik.

Müəllimləri, müəllimliyi o qədər aşağılayıblar ki...

- Bu gün hamı “İdrak” liseyindəki məlum olayı müzakirə edir. Sizcə, niyə müəllimlərə güllər deyil, güllələr atılır?

- Artıq elə bir dövrə gəlib çatmışıq ki, məktəblilər əllərindəki telefonlarla hər cür olayları izləyə bilirlər. Məktəb yaşında olan uşaqlar hər oyuna baxmamalıdırlar. Valideynlər bunlara nəzarət etməlidirlər. Çünki mində bir şagird belə psixoloji təsirə məruz qala bilər. Ona görə də valideynlər də evdə diqqətli olmalıdırlar.

Bundan başqa, məktəblərdə mütləq mühafizə xidməti düzgün təşkil olunmalıdır. Ola bilsin ki, o nəzarətçilər polislər olmasın, amma işə mühafizə sistemindən başı çıxan adamlar cəlb olunmalıdırlar. Şagird məktəbə böyük çanta ilə gəlirsə, o yoxlanılmalıdır. Ov tüfəngi tapança deyil, onun ölçüsü böyük olur. Məktəb, lisey rəhbərliyi bu işlərdə diqqətli olmalıdır.

- Bəzən bu hadisəni müəllim obrazının zədələnməsi ilə də izah edirlər...

- Düzdür, burada o hal da var. Müəllimləri, müəllimliyi o qədər aşağılayıblar ki, onlara hörmət qalmayıb. Müəlliminə güllə atan uşaq əksinə ona böyük sayğı və rəğbətlə yanaşmalı idi.

Müəllim-şagird münasibətlərinə də diqqət ayırmaq lazımdır. Hər mərkətin sosioloq və psixoloqları olmalıdır. Məktəbdə 100 şagird varsa, onların 5-6-da psixoloji problemlər olur. Bu, normal haldır. Ona görə də psixoloqlar və ya sosioloqlar məktəblilərlə görüşüb söhbətlər aparmalıdırlar.

Təhsil çətin sahədir, orta təhsil isə ümumiyyətlə çətindir. Bu mənada nəzarəti əldən vermək olmaz.

- “İdrak” liseyinin gəlirlərinin yüksək olduğu deyilir. Amma görünür, nə təhlükəsizliyi qənaətbəxşdir, nə də uşaqlarla maarifləndirici işləri...

- Orta məktəblərdə həkim, psixoloq, sosioloq ştatları olmalıdır ki, onlar şagirdlərlə işləsinlər. Dərslərə daxil olub, müşahidələr aparmalıdırlar, psixoloji gərginliyi olan şagirdləri kəşf edib, üzərlərində işləməlidirlər. Elə məktəblər var ki, yuxarı sinif şagirdləri müəllimi döyürlər. Belə hadisələr də yaşanır.

Bu qədər qazancı olan lisey psixoloq və sosioloqlarla bağlı ştat açıb, onları prosesə cəlb etməli idi. Müəllimin güllələnməsində təqsirin böyük hissəsi liseyin rəhbərindədir.

Mən onu deyəndə maliyyə nazirinin dodağı titrəməyə başladı

- Müəllim obrazı niyə bu qədər zədələndi, nələr baş verdi ki, müəllimlər belə cəmiyyətin güllə açılması mümkün olan bir qövmünə çevrildilər?

- Müəllimi hörmətdən düşməsində məndən sonra işləyən təhsil nazirlərinin də böyük günahı var. Elm və Təhsil Nazirliyi işi elə qurmalıdır ki, cəmiyyətdə ən hörmətli adamlar müəllimlər sayılsınlar. Mən bunun örnəyini deyim. 1992-ci ildə mənə məlumat verdilər ki, kişi müəllimlər maaş azlığına görə dolana bilmirlər, məktəbləri tərk edirlər. Məktəb qadın müəllimlərin öhdəsində qalır. Pedaqogika elminə görə, orta məktəbdə kişi müəllimlər mütləq olmalıdırlar. Mən bunun incəliklərinə getmirəm. Şagirdlər kişi müəllimin davranış, rəftar və hərəkətindən böyük tərbiyə alırlar. Bunun qarşısını almaq üçün Yaqub Məmmədovun yanına getdim. Həmin vaxtlar Y.Məmmədov prezidenti əvəz edirdi. Mən də parlamentdə Elm və təhsil komitəsinin sədri idim. Yaqub müəllimə bildirdim ki, vəziyyət bu həddə çatıb, bunun qarşısını mütləq almalıyıq. Kişi müəllimləri geri qaytarmaıyıq. Soruşdu ki, neynəyə bilərik? Dedim, maliyyə nazirini dəvət edin, üçümüz oturub çıxış yolu tapaq. O da zəng edib, maliyyə naziri Bədir Qarayevi dəvət etdi. Oturub danışdıq. Təklif etdim ki, bütün müəllimlərin maaşlarını 5 qat artıraq. Mən belə deyəndə maliyyə nazirinin dodağı titrəməyə başladı. Bildirdi ki, a bəy, büdcədə pul yoxdur, o qədər vəsaiti haradan alım? Cavab verdim ki, mənə dəxli yoxdur, haradan alırsan al. Digər məmurların maaşından kəs, müəllimlərin əmək haqqısına əlavə elə. Nə isə, 3 qat artımla razılaşdıq. Müəllimlərin maaşı 3 qat artdı. Müəllimləri kommunal xərclərdən azad etdik. Beləliklə, məktəbləri tərk edən kişi müəllimlər geri qayıtdılar. Biz bununla müəllimlərə hörmət qazandırdıq. Amma məndən sonra gələn 5-10 nazir, bu işlərlə məşğul olmadı və müəllimlərin  nüfuzu get-gedə aşağı düşdü.

Müəllim bir nömrəli dövlət məmuru statusu almalıdır

- Müəllimlərin dövlət qulluqçusu hesab olunması mövzusu da zaman-zaman müzakirə olunur, sonradan günəmdən çıxır. Sizcə, müəllimlərin dövlət qulluqçusu hesab olunması niyə reallaşmır?

- Müəllimə gərək hörmət olsun ki, cəmiyyətdə onların şərəfi yüksək dəyərləndirilsin. Məsələn, Türkiyədə müəllimə kitabı 2 qat ucuz satırlar. Yaponiyada da analoji haldır. Müəllimlərə hər yerdə - otellərdə, mağazalarda güzəştlər var. Müəllim bir nömrəli dövlət məmuru statusu almalıdır. Cəmiyyəti müəllim yetişdirir.

Sabiq nazir, sabiq deputat kimi mənə evdar qadına verilən pensiya verirlər

- Bəs nələr edək ki, məktəblərin, müəllimlərin ruhunu, nüfuzunu , “nəfəsini” özünə qaytaraq? Bu kirriukumlar, BSQ, KSQ-lər, MİQ imtahanları, sertifikisayalar məktəbləri və müəllimləri brendə çevirə bilirmi, biləcəkmi? Buna dair inkişaf müşahidə olunurmu?

- Könlü balıq istəyən, suya girməyi bacarmalıdır. Müəllimin, məktəbin  nüfuzunu yüksəltmək istəyirlərsə, sadaladığım məsələlərə ciddi yanaşmalıdırlar. Buna parlamentdə baxılmalıdır. Parlamentdə komitə var. Bu komitə işləmir. Onlar qanun hazırlamalıdırlar, prezident də ona müvafiq fərman verməlidir. O Fərman icra olunmalıdır. Bunlar yoxdur.

- Bəlkə nazirlik  təşəbbüs göstərməlidir?

- Heç kim təşəbbüs göstərmək istəmir. Kimsə təşəbbüs irəli sürəndə “5-ci kolon”un nümayəndələri tökülüşüb, onu yıxıb-sürüyür. Ona görə də insanlar “Az aşım, ağrımaz başım” modelində işləyirlər. Halbuki biz müstəqil dövlət qurmuşuq. Ölkənin dövlət atributlarını -himndən tutmuş, əlifba və s-ə qədər mən hazırlamışam, dövlətin atributlarını hazırlayıb, parlamentdə təsdiq edən adama, yəni mənə evdar qadına verilən pensiya verirlər. Mənə heç deputat pensiyası da vermirlər. Belə olan halda nə gözləmək olar?!

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Fevral 2026