Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın geri çağıracağı barədə xəbərlər dolaşır. Bu məlumat iki ölkə arasındakı münasibətlərdə diqqəti diplomatik nümayəndənin fəaliyyətinə yönəldib.
Hələlik rəsmi şəkildə təsdiqlənməyən bu qərarı yalnız Paşinyanın səfirin işindən narazı qalması ilə izah etmək kifayət deyil. Çünki diplomatik münasibətlərin gərgin olduğu dövrlərdə səfir dəyişikliyi adətən həmin istiqamətdə siyasi xəttin yenilənməsi mənasını daşıyır.
Arsenyan Moskvaya Ermənistan-Rusiya münasibətlərinin artıq böhran mərhələsinə daxil olduğu bir vaxtda göndərilmişdi. Onun əsas vəzifələrindən biri tərəflər arasında açıq qarşıdurmanın qarşısını almaq və siyasi dialoq kanallarını qorumaq idi. Lakin son iki ildə qarşılıqlı ittihamların artması, təhlükəsizlik sahəsində əməkdaşlığın zəifləməsi və Ermənistanın Qərblə yaxınlaşması göstərdi ki, mövcud diplomatik mexanizmlər fikir ayrılıqlarını aradan qaldıra bilməyib.
Paşinyan hakimiyyəti hazırda Rusiya ilə münasibətləri tamamilə pozmadan ölkənin Moskvadan asılılığını azaltmağa çalışır. İrəvan Avropa İttifaqı və ABŞ ilə siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrini genişləndirərək xarici siyasətdə alternativ dayaqlar yaratmaq niyyətindədir. Buna görə yeni səfirin seçilməsi Ermənistanın Moskva ilə dialoqu qorumaq, yoxsa daha sərt məsafə siyasəti yürütmək istədiyini göstərən əsas meyarlardan biri olacaq.
Rusiya isə Ermənistanın bu kursunu sadəcə ikitərəfli münasibətlər çərçivəsində deyil, Cənubi Qafqazdakı təsirinə yönəlmiş geosiyasi çağırış kimi qəbul edir. Moskva yaxşı anlayır ki, Ermənistanın Qərb strukturlarına yaxınlaşması regionda Rusiyanın hərbi, siyasi və iqtisadi mövqelərini zəiflədə bilər. Bu səbəbdən Kremlin cavabı yalnız diplomatik bəyanatlarla məhdudlaşmaya, ticarət məhdudiyyətləri, enerji qiymətləri və Avrasiya İqtisadi İttifaqı daxilindəki mexanizmlər vasitəsilə təzyiq formasını ala bilər.
Bununla belə, Ermənistanın yaxın dövrdə Rusiyanın təsir dairəsindən tamamilə çıxması real görünmür. Ölkənin enerji təminatı, ixrac bazarı, logistika imkanları və əmək miqrasiyası hələ də əhəmiyyətli dərəcədə Rusiya ilə bağlıdır. Paşinyan buna görə siyasi istiqaməti Qərbə çevirərkən iqtisadi münasibətləri qorumağa çalışır, lakin Moskvanın iqtisadi əməkdaşlığı siyasi loyallıqdan ayırmağa nə dərəcədə hazır olduğu əsas sual olaraq qalır.
Arsenyanın mümkün geri çağırılması Ermənistan-Rusiya münasibətlərində birdən-birə yaranan böhranın başlanğıcı deyil, illərdir davam edən strateji uzaqlaşmanın növbəti mərhələsidir. Hazırkı proses münasibətlərin tam kəsilməsindən daha çox, köhnə müttəfiqlik modelinin tədricən aradan qalxmasına gətirib çıxarır. Yeni səfirin kimliyi və Moskvanın buna reaksiyası tərəflərin idarə olunan rəqabət formatında qalacağını, yoxsa siyasi soyuqluğun açıq iqtisadi-diplomatik qarşıdurmaya çevriləcəyini müəyyən edəcək.
Züriyə Qarayeva




