• Bakı 17° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

İsrail gözünü Suriyaya dikib -AÇIQLAMA 

DÜNYA

07 Aprel 2025 | 17:18

İsrail gözünü Suriyaya dikib -AÇIQLAMA 

"İsrail regionun siyasi xəritəsini öz maraqları çərçivəsində tərtib etmək istəyir".

Bu sözləri İsrailin Suriyaya artan təzyiqlərinin səbəblərini şərh edən politoloq Turan Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrail Suriyada mərkəzi hakimiyyətin hələ zəif olmasından istifadə edərək, bu ölkəyə hücumlarını davam etdirir. Politoloq bildirib ki, hazırda dünya daha çox milli, regional və imperialist maraqlar əsasında formalaşır. Ən önəmli məqamlardan biri isə ABŞ-nin İsrailin təbii protektoruna çevrilməsidir ki, bu da İsrailə beynəlxalq arenada faktiki toxunulmazlıq statusu qazandırır. Hətta İran belə İsrailə qarşı total müharibə elan etməyə risk etmir.

T.Rzayevə görə, əgər İsrailin Yaxın Şərqdə apardığı əməliyyatlar həqiqətən İslam ölkələrini narahat etsəydi, ilk növbədə, neft və qaz kimi strateji resurslar üzərindən təzyiq göstərərək, ABŞ başda olmaqla Qərbi çətin vəziyyətə sala bilərdi. Lakin bu istiqamətdə heç bir real addım atılmır.

Turan Rzayev: Qarşıdakı dövrdə baş verən proses Suriya üçün heç də xoş deyil

Müsahibimiz hesab edir ki, İsrail Suriyanı zəiflətmək üçün cənubda druzi, şərqdə kürd, şimal-qərbdə isə ələviləri ayaqlandırır.

"Təl-Əvivin Suriyanı parçalayıb, ya da sırf zəiflətmək üçün belə bir plan irəli sürdüyünü zaman göstərəcək. İsrail Qəzzada HƏMAS-ı, Livanda Hizbullahı zəiflətdikdən sonra gözünü Suriyaya dikib. Rəsmi Təl-Əviv bu dövlətin güclənməsini istəmir. Əslində, maksimum dərəcədə onlardan gələcək təhdidlərin qarşısını almağa çalışır. Ümumilikdə isə qarşıdakı dövrdə baş verən proses Suriya üçün heç də xoş deyil", - deyə Turan Rzayev qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR