• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

İsrail-İran qarşıdurmasının gərginləşməsi Azərbaycan üçün mənfi haldır

SİYASƏT

03 Iyul 2025 | 14:04

İsrail-İran qarşıdurmasının gərginləşməsi Azərbaycan üçün mənfi haldır

Son illər beynəlxalq aləmdə yaşanan siyasi proseslərin dövlətlərarası iqtisadi əməkdaşlıqlara təsiri danılmazdır.

Müharibələr, münaqişələr və geosiyasi gərginliklər qlobal maliyyə sisteminə dərhal və uzunmüddətli təsir etməklə yanaşı, ticarəti poza, qeyri-müəyyənlik yarada və kapitalın qaçmasına səbəb ola bilər.

Şübhəsiz ki, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da baş verən qlobal proseslərdən kənar qala bilməz. Xüsusən də regionda gərginliyin yaşanması milli iqtisadiyyatımız üçün riskləri qaçılmaz edir.

Son olaraq, regionda yaşanan İran-İsrail qarşıdurması da ölkəmizi narahat edən əsas amillərdən birinə çevrilmişdi. Çünki Azərbaycanın hər iki ölkə ilə müxtəlif istiqamətlər üzrə iqtisadi əməkdaşlıqları mövcuddur.

Hazırda İran-israil müqanişəsində atəşkəs elan olunsa da, ekspertlər bu münaqişənin hər an yenidən başlaya biləyəcəyini istisna etmirlər. Bəs görəsən, regionda yaşanan gərginlik Azərbaycan iqtisadiyyatına nə dərəcədə təsir edə bilər?

Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, istənilən halda regionda siyasi vəziyyətin mürəkkəbləşməsi Azərbaycan üçün mənfi haldır:

"Çünki Azərbaycanın həm İranla, İsraillə ticari əlaqələri var. Ölkəmiz İsrailə təxminən 730 milyon dollar dəyərində neft ixrac edir. İrandan isə ümumilikdə 650 milyon dollar dəyərində çoxsaylı yeyinti və digər məhsullar idxal edirik. Vətəndaşlarımızın istehlak etdiyi kərə yağının 15 faizi İrandan idxal olunur. İran Azərbaycana kərə yağı ixracına görə 2-ci yeri tutur”.

Vahid Məhərrəmli, kənd təsərrüfatı eksperti

Ekspert bildirib ki, bundan başqa, İran ölkəmizə pendir, kəsmik, quru meyvələr, süd, qaymaq ixracına görə 1-ci yerdədir. Əgər İranla ticari əlaqələrimizdə problem yaranarsa, qeyd olunan məhsulları yüksək həcmlə heç bir ölkədən ala bilməyəcəyik. Çünki İran neft istehsal etdiyinə görə, neft məhsullarını kəndlilərə ucuz qiymətə təklif edir. Bu baxımdan kənd təsərrüfatı məhsulları ucuz qiymətə başa gəlir.

“Bundan başqa, İsraillə münasibətlərdə hansısa gərginlik olarsa, Azərbaycan İsrailə neft ixrac edə bilməyəcək”, - deyə Vahid Məhərrəmli əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR