İzmir şəhəri 26 fevral – Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım mərasiminə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tədbir Karabağlar və Bornova bələdiyyələrinin inşa etdirdiyi Xocalı abidəsinin önündə keçiriləcək.
Anım mərasimi Karabağlar və Bornova bələdiyyələrinin təşkilatçılığı, eləcə də Türkiyə-Azərbaycan Dost Dərnəkləri Federasiyasının dəstəyi ilə baş tutacaq.
Builki proqram çərçivəsində Karabağlar Bələdiyyəsində xüsusi səhnə tamaşası təqdim olunacaq. Jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı əsasında səhnələşdirilən tamaşanın rejissorluğunu Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, aktrisa Roza İbadova Koçamaz öz üzərinə götürüb.
Xocalı faciəsinin ağrı-acısını özündə əks etdirən bu səhnə əsəri İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələrin ifasında tamaşaçılara təqdim olunacaq. Tamaşa soyqırımın dəhşətlərini, günahsız uşaqların yarımçıq qalan talelərini və xalqımızın yaddaşına həkk olunan faciəni bədii dillə ifadə edəcək.
Roza İbadova Koçamaz sosial media hesabında tamaşanın məşqlərindən görüntülər paylaşaraq, hazırlıq prosesinin davam etdiyini bildirib. Paylaşımlarda tələbələrin yüksək həssaslıq və məsuliyyətlə bu tamaşaya hazırlaşdığı vurğulanır.
Qeyd edək ki, Xocalı soyqırımının ildönümləri Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İzmirdə geniş şəkildə anılır. Fevralın 26-da keçiriləcək mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad ediləcək, çıxışlar və ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.
Nərgiz Məmmədli
Bakı 








