Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 13-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilməyiblər, lakin danışıqlar yekun mərhələdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ-nin Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Təəssüf edirəm ki, 21-ci paketlə bağlı razılıq əldə edə bilmədik, baxmayaraq ki, biz ona kifayət qədər yaxınıq", - o deyib.
Onun sözlərinə görə, yeni paket üzrə razılaşmanın olmamasına baxmayaraq, nazirlər Aİ-nin müxtəlif sanksiya rejimləri çərçivəsində 250-dən çox fərdi sanksiyanın daxil edilməsini razılaşdırıblar. O, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri fərdi sanksiyaların ən böyük raundu adlandırıb.
Kallas etiraf edib ki, üzv dövlətlər paketlə bağlı müxtəlif tələblər və etirazlar irəli sürürlər, çünki müharibə artıq bir neçə ildir davam edir və bütün Aİ ölkələrinin iqtisadiyyatlarına təsir göstərir. Lakin, onun sözlərinə görə, Avropa iqtisadiyyatı üçün ən yaxşı həll yolu müharibənin dayandırılmasıdır, bu isə Moskvaya təzyiqin saxlanılmasını tələb edir.
Kallas sanksiyalar paketindən məhz hansı müddəaların çıxarıla biləcəyini açıqlamaqdan imtina edib. "Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb", - o vurğulayıb.
Bununla yanaşı, Aİ diplomatiyasının rəhbəri Avropa Komissiyası tərəfindən ilkin olaraq təklif edilən paketin danışıqlar zamanı dəyişikliklərə məruz qaldığını təsdiqləyib.
"Təkliflərin başlanğıcda maksimum dərəcədə güclü olması həmişə yaxşıdır. Anlayırıq ki, danışıqlar gedişində bəzi müddəalar çıxarılacaq, lakin yekunda paket öz gücünü qorumalıdır", - o bildirib./Report
Bakı 



