• Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Karbohidratlar, yağlar və detoks...

CƏMİYYƏT

14 Oktyabr 2025 | 10:12

Karbohidratlar, yağlar və detoks...

“Sevindirici haldır ki, artıq insanlar sağlam həyat tərzi və düzgün qidalanma maraqlanırlar, bununla bağlı həkimlərə çoxlu suallar verirlər. Lakin bu maraq bəzən sosial şəbəkələrdə bir çoxlarının qeyri-dəqiq, elmi əsaslardan uzaq məlumatlar paylaşması ilə müşayiət olunur. Nəticədə bir çox insanlar bəzi qidalanma davranışlarını “sağlam” hesab etsələr də, əslində bu davranışlar orqanizmə fayda vermək əvəzinə, zərər verə bilir”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, ən geniş yayılmış 3 sağlam qidalanma stereotiplərindən biri karbohidratlardır: 

“Karbohidratların hamısı eyni deyil. Tam taxıllar, paxlalılar və lifli tərəvəz-meyvələr əsas enerji, lif, B qrup vitaminləri və minerallar mənbəyidir. Problem işlənmiş karbohidratlar və əlavə şəkər ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı sağlam qidalanmada tam taxıl, tərəvəz, meyvə, paxlalı, qoz-fındıq qəbulunu artırmağı, əlavə şəkəri, doymuş/trans yağları azaltmağı tövsiyə edir. Yəni, məqsəd “tam kəsmək” yox, düzgün seçim və porsiyadır. Ağ undan tam taxıla keçid (çörək, makaron, düyü) müasir düzgün qidalanma prinsipidir. Hər gün 25–30 g+ lif (paxlalılar, tərəvəz, meyvə, kəpəkli dənlilər) almaq bağırsaq sağlamlığı üçün əvəz olunmazdır. Şirin içkilər və desertlərdə əlavə şəkəri məhdudlaşdırmaq məsləhət görülür”. 

Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, yağlar lazımi makronutrientdir.  A, D, E, K kimi yağda həll olan vitaminlərin sovrulması üçün vacibdir:

“Sağlam qidalanma doymuş/trans yağların azaldılmasını, doymamış yağların (zeytun yağı, qoz-fındıq, balıq, avokado və s.) üstün tutulmasını tövsiyə edir. Yağın “tam sıfırlanması” hormon balansı və qida çatışmazlığı riskini artıra bilər. Əsas olan keyfiyyət və miqdarın nəzarətidir. ÜST-nin sağlam qidalanma tövsiyələri doymamış yağlara üstünlük verir. Yeməklərdə bitki mənşəli yağlardan “az, amma keyfiyyətli” istifadə tövsiyə olunur. Bundan əlavə, qızartma yox, bişirmə, soba, buxarla bişirmə metodları və həftədə ən azı 1–2 dəfə yağlı balıq (omega-3) qəbulu sağlamlığımız üçün çox faydalıdır”. 

E.Məmmədov həmçinin bildirib ki, “Detoks” termini reklamdan doğan mifdir:

“Bədəni zərərli maddələrdən qaraciyər və böyrəklər təbii şəkildə təmizləyir. Xüsusi şirələr/çaylar orqanizmi “təmizləmir”, əksinə orqanizm üçün risk yarada bilər. Britaniya Dietoloqlar Assosiasiyası “detoks pəhrizləri”nin iddialarının elmi əsasının olmadığını vurğulayır. Bəs real “detoks” nədir? Kifayət qədər su içmək, lifli qidalar yemək (tam taxıl, tərəvəz, meyvə), fiziki aktivliklə məşğul olmaq və yuxu rejiminə diqqət edərək, alkoqol/şəkər/işlənmiş qidaları məhdudlaşdırmaqdır”.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025