• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Keyfiyyətsiz gün eynəyi gün işığına həsrət qoya bilər

CƏMİYYƏT

22 Iyun 2022 | 10:44

Keyfiyyətsiz gün eynəyi gün işığına həsrət qoya bilər

Gözlərimizi günəş şüalarından qorumaq üçün gün eynəyi taxmaq mütləqdir, ancaq çox vaxt insanlar gün eyniyini günəş şüalarından qorunmaq üçün yox, dəb üçün taxırlar. Nəticədə, görünüşcə gözəl, günəş şüalarından qorumayan eynəklər alırlar. Gün eynəyi aldığımız zaman nələrə diqqət etməliyik?

Cərrah-oftalmoloq Pakizə Bayramova Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, ultrabənövşəyi şüaların təsiri ilə gözdə onkoloji xəstəliklər belə yarana bilər: "Ultrabənövşəyi şüalar gözdə, buynuz, konyunktiv qişada patoloji dəyişikliklərə səbəb ola bilir. Hətta bu şüalar səbəbindən gözdə onkoloji xəstəliklərə məruz qala bilərik. Əgər biz təbii gün işığının ultrabənövşəyi şüaları ilə uzun müddət əlaqədə olsaq, gözdə patoloji dəyişiklər baş verir”.

Onun sözlərinə görə, təkcə yayda deyil, qışda - qarlı havada da qoruyucu eynək olmasa, bu zaman qar korluğu yaranacaq. Bu kimi hallardan qorunmaq üçünsə, gün eynəklərindən istifadə olunmalıdır.

Oftamoloq bildirib ki, keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır: "Burada eynəyin tündlüyü önəmli deyil. İnsanlarda elə bil təəssürat var ki, tünd gün eynəyi daha çox qoruyuculuq qabiliyyətinə malikdir. Əslində, burada filtr önəmlidir. Eynəyin rəngi, ucuz olması onun qoruyuculuq göstəricisinə təsir etmir. Gün eynəkləri alarkən, onların üzərində olan ultrabənövşəyi şüalardan qoruyucu filtrin 100% olduğunu bildirən nişan olmalıdır. Qoruyucu filtri 40%-dən başlayan eynəklər bizim işimizə yararlıdır”.

Həkim deyir ki, gözlərində zəiflik olan insanlar eynək sifariş verərkən eynəklərinin həm optik, həm də qoruyucu özəlliklərinin olmasına diqqət etməlidirlər. Həmin şəxslər bu eynəklərin həm optik, həm də ultrabənövşəyi, kompüterin zərərli şüalarından, mavi işıqlardan qoruyucu özəlliklərindən yararlana bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara eynək alarkən mütəхəssislərlə məsləhətləşməyi tövsiyə edir. Çünki keyfiyyətsiz eynək göz хəstəliklərinə səbəb ola bilər. Qeyd olunub ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.

Ümumiyyətlə, eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü - udduğu da qeyd olunur. Həmçinin eynəyin sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Eynəklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır.

Eynək alarkən ilk növbədə onun rənginə və çəkisinə fikir verilməlidir. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O, həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verməlidir. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin etmək olar. Məsələn, qəhvəyi rəngli eynək taxmısınızsa və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.

Aytac Aslan


SON XƏBƏRLƏR