• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Çərəzlər hansı xəstəliyə xeyirlidir?

CƏMİYYƏT

22 Iyul 2022 | 02:13 | Müəllif: Qalib İbrahimoğlu

Çərəzlər hansı xəstəliyə xeyirlidir?

Çərəzlər - zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral tələbatını, eyni zamanda, beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.

Bakıvaxtı.az xəbər verir ki, qovurulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi ehtimalı yüksək olduğu üçün onların qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur.

Bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamaq üçün yetərlidir və günün hər saatında istehlak edilə bilər. 

Yaxşı çərəz bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmaması və sağlamlıq üçün təhlükəli olmasından xəbər verir.

Araşdırmaya görə, orta yaşlardan etibarən qoz, fındıq, badam, püstə kimi çərəzlər yemək yaddaş zəifləməsi riskini azaldır. Tədqiqatlara əsasən, həmin qidaları 40 yaşdan etibarən nizamlı şəkildə qəbul edənlərdə demensiyanın inkişaf riski daha azdır.

Alimlər təqribən 17 min nəfəri izləyərək onların idrak funksiyalarını pəhriz və qidalanmalarına görə qiymətləndirib. Tədqiqatçılar 40 yaşından başlayaraq həftədə iki dəfə qoz, fındıq, badam kimi qidaları qəbul edən insanların ayda bir dəfədən az yeyənlərə nisbətən 60 yaşdan sonra yaddaş problemi ilə 20 faiz daha az qarşılaşdıqlarını qeyd ediblər.

Tədqiqat həftədə heç olmasa bir dəfə çərəz yeyənlərin 60 yaşdan sonra beyin funksiyasının pozulma ehtimalının 19 faiz daha az olduğunu ortaya çıxarıb.

Bu, fındıq, qoz və badam kimi qidaların qocalıqda demensiya riskini azalda biləcəyini göstərən ilk tədqiqat deyil. Cənubi Avstraliya Universiteti tərəfindən 2019-cu ildə 55 yaşdan yuxarı 5 min nəfərdə aparılan bir araşdırmada, gündə yalnız 10 qram qoz-fındıq yeyənlərdə beyin funksiyalarının 60 faizə qədər inkişaf etdiyi və demensiya riskinin azaldığı məlum olub.

Demensiyanın ən çox görülən ilk simptomları yaddaş itkisi, gündəlik iş qaydalarını yerinə yetirməkdə, danışmaqda və ya doğru sözü tapmaqda çətinlik, vaxt və məkanla bağlı qarışıqlıq, əhval-ruhiyyənin dəyişməsi hesab olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026