ABŞ Venesuela sahillərində narkotik kartellərinə qarşı əməliyyatlar fonunda Latın Amerikası ölkələrində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ Ekvadorda aviabaza qurmağı, Panamadakı qoşunlarının sayını artırmağı və ölkənin hərbi aeroportlarından daha aktiv istifadə etməyi planlaşdırır. Həmçinin Vaşinqton Puerto-Rikodakı hərbi dəniz bazasının fəaliyyətini yenidən bərpa etmək niyyətindədir.
Noyabrın 16-da keçirilən ümumxalq referendumunda ekvadorluların 60,3 faizi ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə qoyulmuş qadağanın ləğvinin əleyhinə səs verib. Ekvador Prezidenti Daniel Noboa ölkə konstitusiyasına düzəlişlərin və referendumun keçirilməsinin tərəfdarı kimi çıxış edib. Ekvadorda xarici bazaların yaradılmasını qadağan edən maddə 2008-ci ildə qəbul edilmiş konstitusiyaya daxildir.
Qeyd edək ki, sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə azı 20 qayığa zərbə endirib və nəticədə 76 nəfər həlak olub.
Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir atom sualtı qayığı və 16 mindən çox hərbçi yerləşdirib.
Venesuela Prezidenti Nikolas Maduro isə öz növbəsində ölkəsinin son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib.
Bakı 



