• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Məktəblərdə yanğın təhlükəsizliyi: Ən kiçik texniki nasazlıq böyük risk yarada bilər

CƏMİYYƏT

05 Fevral 2026 | 16:47

Məktəblərdə yanğın təhlükəsizliyi: Ən kiçik texniki nasazlıq böyük risk yarada bilər

Dünən Humanitar fənlər təmayüllü liseydə, bu gün Masallıda orta məktəbdə  baş verən qısaqapanma hadisələri bir daha göstərdi ki, ölkənin əksər təhsil müəssisələrində elektrik infrastrukturu və ümumi təhlükəsizlik sistemi ciddi şəkildə yenilənməyə ehtiyac duyur.

Uşaqların hər gün vaxt keçirdiyi bu binalarda köhnəlmiş naqillər, nasaz avadanlıqlar və nəzarət mexanizmlərinin zəifliyi həm onların sağlamlığı, həm də ümumi təhsil mühiti üçün real təhlükə mənbəyinə çevrilir.

Bu cür hadisələrin təkrarlanmaması üçün məktəblərdə təhlükəsizlik mexanizmlərinin standartlara uyğunlaşdırılması, infrastrukturun yenidən qurulması və monitorinq sistemlərinin gücləndirilməsi artıq zəruri addım kimi görünür.

Təhsil müəssisələrinin müasir təhlükəsizlik tələblərinə cavab verməsi üçün hansı islahatların həyata keçirilməsi isə bu mövzunun əsas suallarından biridir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, məktəblərdə təhlükəsizlik məsələsinə ciddi yanaşılmalıdır. Təəssüf ki, bir çox hallarda təhlükəsizlik yalnız problem baş verdikdən sonra gündəmə gəlir. Halbuki məktəb elə bir məkandır ki, burada hər gün yüzlərlə şagird olur və ən kiçik texniki nasazlıq belə böyük risk yarada bilər.

"Praktikada tez-tez müşahidə olunur ki, bir çox təhsil müəssisəsində elektrik sistemi illər əvvəl qurulub və sonradan əlavə edilən avadanlıqlar həmin şəbəkəyə artıq yük yaradır. Naqillər zamanla köhnəlir, qoruyucu sistemlər zəifləyir və ya ümumiyyətlə istismar müddətini başa vurur. Bu isə qısaqapanma kimi təhlükəli halların baş verməsini qaçılmaz edir",- həmsöhbətimiz qeyd edib.

Orxan Musayev: Məktəbdə çalışan hər kəs təhlükəsizlik mədəniyyətinin bir hissəsi olmalıdır

Onun sözlərinə görə, problem ondadır ki, texniki baxışlar bəzən formal xarakter daşıyır və real risklər lazımi səviyyədə təhlil olunmur:

"Halbuki təhlükəsizlik təkcə texniki məsələ deyil, eyni zamanda yanaşma və məsuliyyət məsələsidir. Məktəbdə çalışan hər kəs - rəhbərlik, müəllimlər və texniki işçilər təhlükəsizlik mədəniyyətinin bir hissəsi olmalıdır. Fövqəladə vəziyyət zamanı kimin nə edəcəyi, uşaqların necə təxliyə olunacağı kağız üzərində deyil, real və mütəmadi praktiki təlimlərlə öyrədilməlidir. Çünki fövqəladə hallar zamanı əvvəlcədən formalaşmış davranışlar insan həyatını xilas edir".

Orxan Musayev qeyd edib ki, digər tərəfdən, təhlükəsizlik birdəfəlik yoxlama ilə həll olunan məsələ deyil. Təhlükəsizlik sistemləri daim nəzarətdə saxlanılmalıdır. Müasir texnologiyalar mövcuddur ki, elektrik yüklənməsini və potensial riskləri əvvəlcədən aşkar edə bilir. Bu cür yanaşma tətbiq edildikdə bir çox hadisənin qarşısını vaxtında almaq mümkündür:

"Yaponiya təcrübəsi bunu açıq şəkildə göstərir. Orada fövqəladə hallara hazırlıq çərçivəsində hətta şagirdlər belə düzgün davranış və təxliyə qaydalarını bilirlər. Hər hansı hadisə baş verdikdə panikaya düşmədən, təhlükəsiz və düzgün şəkildə binanı tərk edirlər. Ən vacib məqamlardan biri də odur ki, təhlükəsizlik əlavə xərc kimi deyil, uşaqların həyatına qoyulan investisiya kimi qəbul edilməlidir. Valideyn məktəbə övladını göndərərkən əmin olmalıdır ki, orada yalnız təhsil deyil, eyni zamanda təhlükəsiz mühit də təmin olunur".

Əli Hüseynov


SON XƏBƏRLƏR