Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilən sammitinin yekunları üzrə 14 sənəd imzalayıblar.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sənədlər arasında KTMT Kollektiv Təhlükəsizlik Şurasının "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında" qərarı imzalanıb. Həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədli proqram haqqında qərar, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı bəyanat imzalanıb.
Bundan əlavə, sammit iştirakçıları KTMT dövlətlərinin hərbi və digər birləşmələrin, onların daşınar əmlakının və hərbi təyinatlı məhsulların daşınması sahəsində əməkdaşlığı haqqında Sazişdə dəyişikliklər edilməsi haqqında, KTMT-nin qüvvələr birləşmələrinin statusu haqqında Sazişdə dəyişikliklər edilməsi haqqında protokollar imzalayıblar. "Mərkəzi Asiya kollektiv təhlükəsizlik regionunun kollektiv surətdə yerləşdirilən qüvvələrinin təchiz edilməsi üçün təklif olunan müasir və qabaqcıl silah, hərbi və xüsusi texnikanın standart modellərinin Siyahısı haqqında" qərar təsdiqlənib.
Həmçinin KTMT-nin 2023-cü il büdcəsinin icrası haqqında hesabat, təşkilatın 2024-cü il büdcəsinə dəyişikliklər və 2025-ci il büdcəsi haqqında qərarlar təsdiq edilib.
Astanada qəbul edilən sənədlər təşkilatın və kollektiv təhlükəsizlik sisteminin bütün üzvlərinin maraqları naminə daha da hərtərəfli inkişafına yönəlib. KTMT-yə də daxil olan Ermənistan rəhbərliyi Qazaxıstanın paytaxtında keçirilən tədbirlərdə iştirak etməyib.
Gülşən Şərif