2024-cü ilin iyul ayından etibarən aparılan mərhələli təyinat çərçivəsində 45 namizədin Xarici İşlər Nazirliyi (XİN) sistemində diplomatik vəzifələrə təyinatı həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil edilmiş ikimərhələli müsabiqə nəticəsində 57 nəfər (29 qadın və 28 kişi) müvəffəqiyyət qazanıb.
"Qarşıdakı müddətdə yeni vakansiyalara uyğun ehtiyat kadrlar siyahısı üzrə növbəti təyinatların ardıcıl qaydada həyata keçirilməsi nəzərdə tutulur. Cari il ərzində Azərbaycanın xaricdə 12 diplomatik missiya rəhbəri və 1 nəfər səfir müavini təyinatı həyata keçirilib”, - məlumatda qeyd edilib.