Ötən il yanvar ayında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti 12 aylıq müddətə dondurulmuşdu. Bu müddət sona çatıb. Lakin Azərbaycana qarşı yeni qərarların qəbul olunacağı və yeni məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.
Bakıvaxtı.az xatırladır ki, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe yanvar sessiyasında Bakıya qarşı sərt siyasətin davam etdirilməsinə çağırış edib. Şvabe Azərbaycanın bir il müddətinə AŞPA-da səs hüququndan məhrum edilməsinin əsas təşəbbüskarlarından biridir. Onun Azərbaycan və Türkiyə əleyhinə mövqeyi hamıya bəllidir. Ötən ay almaniyalı deputat Azərbaycanı yanvar sessiyasında AŞPA-dan uzaqlaşdırılacağı ilə təhdid etmişdi.
AŞPA-nın sessiyalarında mütəmadi iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a deyib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının rəsmi gündəliyində Yaxın Şərqdəki vəziyyət, Qəzza zolağında böhran, girovlar məsələsi, Gürcüstanda keçirilmiş seçkilərin nəticələri ilə bağlı məsələlər müzakirə olunacaq.
Ekspertin sözlərinə görə, Avropa Şurasına üzv olan ölkələrdə humanitar məsələlər, insan haqları, demokratiya və s. mövzular da gündəliyə salınıb:
"Amma indidən artıq Azərbaycana qarşı müəyyən çıxışların hazırlandığı ilə bağlı xəbərlər, siqnallar gəlməkdədir. Xatırladım ki, ötən ilin yanvar ayında Azərbaycan AŞPA-dakı fəaliyyətindən 12 aylıq müddətə uzaqlaşdırılmışdı. Bu məsələni gündəmə gətirən almaniyalı deputat Frank Şvabenin təşəbbüsü dəstəklənmişdi. Artıq müddət bitdiyinə görə, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bərpa olunmalı idi. Amma görünən odur ki, Azərbaycanın AŞPA-dakı fəaliyyət qadağası növbəti dəfə uzadılacaq. Bununla bağlı indidən təşəbbüslər hazırlanır. Yəqin ki, ilk çıxışlarda almaniyalı deputat Şvabe Azərbaycana qarşı şərtlərin guya yerinə yetirilmədiyini səbəb göstərəcək, ölkəmizin yenidən 12 aylıq müddətə AŞPA-dan uzaqlaşdırılması məsələsini gündəmə gətirəcək".
Ə.Şahidov vurğulayıb ki, hazırda Bakıda Azərbaycan əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir:
"Çox güman, erməni nümayəndələr həmin şəxslərin azadlığını da tələb edəcəklər. Almaniya və Fransadan olan deputatların da onlara dəstək verəcəyi gözlənilir”.
Əhməd Şahidov: Bu sessiyada anti-Azərbaycan fəaliyyəti davam edəcək
Müsahibimiz Azərbaycan nümayəndə heyətinin Strasburqa getmədiyini deyib. Onun sözlərinə görə, yanvarın 30-da AŞPA-da "yan tədbir" keçiriləcək və Azərbaycanda insan haqlarının vəziyyətinə dair ayrıca müzakirə təşkil olunacaq:
“Fransa, Almaniya və digər ölkələrin nümayəndələri çıxış edərək Azərbaycanı hədəf alacaqlar. Bu sessiyada anti-Azərbaycan fəaliyyəti davam edəcək".
Aydın Baxış