• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Qanlı gecənin sükutu: Xocalıya beynəlxalq hüquq necə qiymət verib?

SİYASƏT

26 Fevral 2025 | 15:36

Qanlı gecənin sükutu: Xocalıya beynəlxalq hüquq necə qiymət verib?

Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin qan yaddaşına yazılmış ən ağır cinayətlərdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı soyqırımı törətdilər. Bu faciə zamanı 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, yüzlərlə insan ağır xəsarətlər aldı. Hadisənin miqyası və törədilən vəhşiliklər beynəlxalq hüquq prizmasından araşdırıldıqda, bunun insanlığa qarşı cinayət və soyqırımı aktı olduğu açıq-aşkar görünür.

Xocalı faciəsinə hüquqi prizmadan yanaşsaq, bu istiqamətdə illər ərzində hansı addımlar atılıb?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, soyqırımı cinayəti 9 dekabr 1948-ci il tarixli BMT-nin "Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması" Konvensiyası ilə müəyyən olunub:

"Bu konvensiyaya əsasən, soyqırımı milli, etnik, irqi və ya dini bir qrupu tam və ya qismən məhv etmək məqsədilə həyata keçirilən hərəkətləri əhatə edir. Buraya qrupun üzvlərinin qətli, qrup üzvlərinə ciddi fiziki və ya mənəvi zərər vurulması, qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş məqsədyönlü tədbirlərin görülməsi daxildir. Xocalı faciəsi bu konvensiyanın müvafiq maddələrinə tam uyğundur. Hücum zamanı dinc əhali məqsədli şəkildə öldürülmüş, insanlar ağır işgəncələrə və mənəvi sarsıntılara məruz qalmışdır. Qətliamın əsas məqsədi bölgədə etnik təmizləmə aparmaq, Azərbaycan əhalisini vahiməyə salaraq onları öz doğma torpaqlarından qovmaq olmuşdur".

Onun sözlərinə görə, Xocalı hadisəsi beynəlxalq hüquqi sənədlərin tələblərinə ziddir. Həmsöhbətimiz qeyd edib ki, 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına əsasən, müharibə zamanı dinc əhaliyə qarşı hərbi cinayətlər qadağandır. Xocalıda isə qeyri-hərbi şəxslər məqsədli şəkildə öldürülmüşdür. BMT-nin 1966-cı il "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktı" insanın yaşamaq hüququnun toxunulmazlığını təsbit edir, lakin Xocalıda bu hüquq kobud şəkildə pozulmuşdur. Bundan əlavə, 1984-cü il "İşgəncələr Əleyhinə Konvensiya" əsirlərə qarşı işgəncələri və qeyri-insani rəftarı yasaqlayır, lakin Xocalı soyqırımı zamanı əsirlərə qarşı dəhşətli işgəncə faktları qeydə alınıb:

"Xocalı hadisələrinin beynəlxalq cinayət məhkəmələri tərəfindən araşdırılması və cinayətkarların mühakimə olunması üçün müxtəlif hüquqi mexanizmlər mövcuddur. Universal yurisdiksiya prinsipi bəzi dövlətlərə beynəlxalq cinayətləri öz milli məhkəmələrində mühakimə etmək səlahiyyəti verir. Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan bu prinsipə əsaslanaraq xarici dövlətlərdə məhkəmə iddiaları qaldıra bilər. Beynəlxalq Cinayət Məhkəməsi Xocalı cinayətlərinin soyqırımı kimi tanınması üçün potensial hüquqi platformadır. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın insan haqlarını kobud şəkildə pozduğunu sübut edərək, beynəlxalq hüquqi qərarlar çıxarılması üçün məhkəmə iddiaları qaldırmaq mümkündür".

Ayxan Məmmədli: Xocalıya ədalət bərqərar olunmadan beynəlxalq hüquqda ədalət prinsipi tam mənası ilə yerinə yetirilmiş hesab edilə bilməz

Hüquqşünas xatırladıb ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası həyata keçirilir:

"Kampaniyanın əsas məqsədi Xocalı faciəsinin soyqırımı kimi tanıdılması üçün beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət etmək, xarici ölkələrin parlamentlərində Xocalı hadisələri ilə bağlı qətnamələrin qəbuluna nail olmaq və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edən hüquqi və diplomatik səyləri artırmaqdır. Bu kampaniya çərçivəsində Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Sudan, İordaniya, Peru və digər ölkələr Xocalı hadisələrini soyqırımı kimi tanıyıb".

Son olaraq A.Məmmədli vurğulayıb ki, Azərbaycan dövləti və hüquqşünasları bu istiqamətdə fəaliyyətlərini davam etdirməli, Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq tribunal qarşısında cavab verməsini təmin etmək üçün bütün hüquqi vasitələrdən istifadə etməlidir. Xocalı soyqırımı beynəlxalq hüquq normalarına əsasən müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı aktıdır. Bu faciəyə beynəlxalq hüquqi qiymət verilməsi, günahkarların ədalət qarşısında cavab verməsi üçün Azərbaycan hüquqi və diplomatik səylərini davam etdirməlidir. Xocalıya ədalət bərqərar olunmadan beynəlxalq hüquqda ədalət prinsipi tam mənası ilə yerinə yetirilmiş hesab edilə bilməz.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Fevral 2025