Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edildi. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin parlaq nəticəsinin təzahürüdür:
“Laçın rayonunun işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malikdir. Çünki Laçının işğaldan azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və dövlət sərhədlərinə nəzarət etmək imkanını əldə etdi”.
Deputat xatırladıb ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:
“İşğalçılar tərəfindən 200-dən çox mədəniyyət, 100-dən çox təhsil və səhiyyə müəssisəsi, 500-ə yaxın ticarət və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin ermənilər tərəfindən tarixi abidələrimiz vandalizmə uğrayıb. Təcavüzkar Ermənistan həmçinin Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi”.
S.Salmanova bildirib ki, hazırda işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır:
“Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Bu gün Laçın və digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir”.