"Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib, damı uçan ev sahibkara məxsus yardımçı tikili, gözətçi evidir. 1 otaqdan ibarət olan sözügedən ev, yaşamaq üçün həmin ailəyə verilib. Görünür, tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib. Qeyd olunub ki, artıq, ailə yaxınlarının evlərinə köçürülüb.
Komissiya sədri onu da bildirdi ki, ötən gecə rayon ərazisində 10 dərəcə şaxta müşahidə olunub. Hazırda qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır.
***
12:17
Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.
Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.
Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.
Bakı 





