• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Libbinin Şuşa səfəri: ABŞ Azərbaycanla münasibətlərdə ənənəvi istiqamətlərinə dönəcək

SİYASƏT

07 May 2024 | 16:21

Libbinin Şuşa səfəri: ABŞ Azərbaycanla münasibətlərdə ənənəvi istiqamətlərinə dönəcək

ABŞ səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşüb.

Səfir Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olub və Cıdır düzünü gəzərək səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşüb:

"Biz bu səfərə iki aya yaxındır ki, hazırlaşırdıq və şadam ki, nəhayət baş tutdu".

Mark Libbi sonrakı açıqlamasında digər bölgələrimizə də səfər etmək niyyətini ortaya qoyub.

Qeyd edək ki, Qərb ölkələrinin, o cümlədən ABŞ-nin səfiri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş bölgələrə getməkdən imtina ediblər. Əslində Qərb ölkələrini təmsil edən səfirlərin Qarabağa səfərləri çoxdan gözlənilirdi. Lakin budəfəki səfər o mənada gözlənilməz oldu ki, ABŞ-nin Azərbaycandakı səfiri jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş ərazilərə "səfər şousu"nda iştirak etmək istəmədiyini açıqlamışdı.

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, səfirin işğaldan azad edilmiş başqa ərazilərə, xüsusən Xankəndinə səfər edəcəyini düşünmür.

Ekspert bildirib ki, Libbinin "iki aydır səfərə hazırlaşırıq" sözləri səfərin əvvəlcədən planlaşdırıldığını göstərir:

"Əgər səfər iki ay əvvəl hazırlanıbsa, niyə səfir bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında "səfər şousu"na qatılmaq istəmədəyini deyirdi. Əlbəttə, Şuşa və Qarabağ Azərbaycan ərazisi kimi qəbul olunur, tanınır. Bu gün dünya ictimaiyyətində nəinki Şuşa, heç Xankəndi ilə bağlı heç bir sual yoxdur, ola da bilməz. O halda sual yaranırdı ki, niyə hansısa revanşistlərin mövqeyinə görə, ABŞ səfiri Qarabağa getməsin və səfərin müddətini bu qədər uzatsın? Əgər söhbət Amerikadakı erməni lobbisindən ehtiyatlanmaqdan gedirsə, bu, lap biabırçılıq olardı. ABŞ-nin Cənubi Qafqazda hansı çağırışlarla üz-üzə olduğunu bilirik. Azərbaycanla münasibətlərin korlanması, bunun da Şuşa üzərindən olması qeyri-məntiqlidir”.

Zaur Məmmədov: ABŞ-nin Azərbaycanla münasibətlərinin korlanması, bunun da Şuşa üzərindən olması qeyri-məntiqlidir

Müsahibimiz hesab edir ki, Qərb dövlətləri Bakı ilə münasibətlərin normallaşması yönündə addımlar atacaqlar. Reallıq bunu tələb edir.

Onun sözlərinə görə, əgər Ermənistan Qazaxın dörd kəndini Azərbaycana qaytarırsa, Gürcüstanda etirazlar baş verirsə, ABŞ Azərbaycanla münasibətlərdə ənənəvi təhlükəsizlik və sabitlik istiqamətlərinə geri dönəcək.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 May 2024