İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold Fransa təmsilçisi "Nant"ı almaq istəyir.
Bakıvaxtı.az “L'Equipe” istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi atası Maykll ilə birlikdə fikirlərini klub rəhbərliyinə bildirib.
T.Aleksander-Arnoldun atasının investisiya şirkəti vasitəsilə “Nant” rəhbəri Valdemar Kitaya 100 milyon avro (84 milyon funt-sterlinq) təklif olunub. Bununla yanaşı, klub rəhbərliyinə əlavə bonus şəklində 40 milyon avro da təklif edilib.
Ancaq Londonda baş tutan görüşdə təklif olunan məbləğin “Nant” rəhbərliyinin qiymətləndirməsinə uyğun olmadığı iddia edilib. Fransa mətbuatında yer alan məlumata görə, futbolçu 8 dəfə ölkə çempionu olmuş “Nant”dan əvvəl “Sent-Etyen” və “Havr” klublarına da təklif göndərib.
Qeyd edək ki, T.Aleksander-Arnold Fransanın “Formula 1” komandası “Alpin”də də pay sahibidir.