Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa”nın və onun yükdaşımalar üzrə törəmə şirkəti “Lufthansa Cargo”nun pilotları tətil keçirib-keçirməmək barədə səsvermədə iştirak edəcəklər.
Bakıvaxtı.az bildirir ki, pilotları təmsil edən “Kokpit İttifaqı” həmkarlar təşkilatı səsverməni sentyabrın sonunadək keçirməyi planlaşdırır.
Qərar pensiyalarla bağlı aparılan danışıqların nəticəsiz qalmasından sonra qəbul olunub. “Lufthansa”nın pilotları 2017-ci ilə qədər zəmanətli ödənişləri olan klassik müəssisə pensiyası alıblar. Pilotların sosial müdafiəsində mühüm element sayılan bu təminat sonradan işəgötürənin təzyiqi ilə kapital bazarına əsaslanan model ilə əvəzlənib. Həmkarlar ittifaqı bu modelin əvvəlki səviyyədən xeyli geri qaldığını iddia edir.
Bu məsələ təxminən 4800 pilotu əhatə edir. Həmkarlar ittifaqı “Lufthansa”nın danışıqların yeddi raundu ərzində ciddi təklif irəli sürmədiyini əsas gətirib.
“Lufthansa”da pilotların sonuncu tətili 2022-ci ildə baş tutub. Yeni tətilin olub-olmayacağı sentyabrda başa çatacaq səsvermənin nəticəsindən asılı olacaq.