“Gürcüstandakı seçkilər zamanı keçirilən aksiyalar artıq davamlı xarakter daşıyır”.
Bunu Bakıvaxtı.az-a Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiyalara münasibət bildirən politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, qonşu ölkədə hansısa vacib siyasi hadisə baş verəndə müxalifət bu cür reaksiya verir:
"Təəssüflər olsun ki, belə nümayişlər sonunda müxtəlif təxribatlara yol açır. Məqsəd bəllidir. Bəzi dairələr Gürcüstanda daxili-siyasi vəziyyəti dəyişdirmək və hakimiyyətə təzyiq göstərməyə çalışırlar”.
Müsahibimiz qeyd edib ki, əlbəttə, seçkilərin nəticələri də müəyyən suallar doğurur. Dediyinə görə, hakim partiyanın açıqladığı səs, tərəfdarlarının bu qədər çox olması şübhələr yaradır:
“Lakin müxalifət öz reaksiyasını, hakimiyyətə qarşı mövqeyini başqa üsullarla, başqa formada da göstərə bilərdi. Nümayişkaranə şəkildə hakimiyyətə qarşı çıxmaq, xalqı etirazlara, küçələrə səsləmək, nifrətə kökləmək, ən əsası isə arxasında kənar dairələrin olması faktı qəbuledilməzdir. Avropa institutlarının, bəzi liderlərin Gürcüstandakı daxili seçkilərə kobud müdaxiləsi, yersiz bəyanatları yolverilməzdir. Beynəlxalq qurumlar qlobal hüququn ən vacib prinsiplərindən olan "ölkələrin daxili işinə qarışmamaq" məsələsini pozurlar. Avropa ölkələrinin özlərində son günlərdə seçkilər keçirilir, nəticələr açıqlanır, amma Tbilisi həmin seçkiləri şərh etmir, heç kimə tövsiyə vermir".
İlqar Vəlizadə: Bu gedişlə müxalifətin hakimiyyəti ələ almaq şandı dumanlı görünür
Analitik müxalifətin hələ ki zəif olduğunu deyib:
"Ümumiyyətlə, müxalifətin davranışı, siyasi diskussiyalar aparmaq qabiliyyətinin olmaması, mütəşəkkil halda mübarizə etməyi bacarmaması bu düşərgəni zəiflədir. Gürcüstan müxalifəti xarici qüvvələrə arxalanmamalıdır. Bu gedişlə müxalifətin hakimiyyəti ələ almaq şandı dumanlı görünür. Xarici dəstək də qeyri-peşəkardır və demokratik normalara söykənmir".
Qeyd edək ki, Gürcüstanda bələdiyyə seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası mer və yerli şura seçkilərində bütün bələdiyyələrdə qalib gəlib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, "Gürcü Arzusu" ölkə üzrə səslərin 81 faizdən çoxunu qazanıb. Hakim partiya bütün şəhər və rayon məclislərində aşkar səs çoxluğu qazanıb.
Müxalifətin böyük hissəsi seçkini boykot edib. Nəticələr açıqlanandan sonra müxalifətin etiraz aksiyaları, mitinqləri başlayıb. Aksiyalar zamanı hüquq-mühafizə orqanları ilə toqquşmalar yaşanıb, xəsarət alanlar var.
Gürcüstan prezidenti Mixail Kavelaşvili deyib ki, şəhərdə xaosa səbəb olan etirazçılar xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Onun sözlərinə görə, cəmiyyət vandalizm aktlarının, çağırışların şahidi oldu: "Gürcüstanda hələ də xarici kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərən qüvvələr var. Gürcü xalqı heç kimə güc yolu ilə hakimiyyəti dəyişməyə imkan verməyəcək. Bu ölkədə rəhbərlik ancaq seçki yolu ilə dəyişdirilə bilər".
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub:
"Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq".
Bəyanat müəllifləri, həmçinin Aİ-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər.
Aydın Baxış