"Son illərdə Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda nüfuzu əhəmiyyətli dərəcədə artdı".
Bakıvaxtı.az xəbər verir ki, bunu Vaşinqtondakı "Heritage Foundation" araşdırmalar institutunun hərbi eksperti, "Duqlas və Sarah Ellison" siyasət mərkəzinin direktoru Lük Koffi deyib.
Ekspert münasibətlərdə mövcud gərginliyə baxmayaraq, Ankara ilə müttəfiq münasibətlərinin və NATO -dakı xüsusi yerinin ABŞ-a böyük fayda verdiyini vurğulayıb.
L. Koffi bildirib ki, BMT-də islahatların aparılmasının və bu təşkilatın beynəlxalq siyasətdəki rolunun yenidən nəzərdən keçirilməsi vacibdir: "Müasir beynəlxalq məsələlərdə rolu nəzərə alınmaqla BMT-nin gələcəyinə o qədər də nikbin baxmıram. Problem ondadır ki, dövlətlər öz milli maraqlarını rəhbər tuturlar və dünyanın bir çox vacib mübahisəli məsələlərində konsolidasiya olunmuş mövqe ortaya qoymurlar. Keçən ilki Qarabağ müharibəsini misal çəkə bilərik. Azərbaycan dörd qətnamənin icrasında BMT və ATƏT -in rolunu öz üzərinə götürmək məcburiyyətində qaldı. BMT 30 il ərzində problemin həlli məsələsinə laqeydlik və biganəlik göstərdi".
Bakıvaxtı.az
















