Britaniya kralı III Çarlzın son görüntüləri ictimaiyyətdə narahatlıq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, 76 yaşlı Çarlzın sağ gözündə qabarıq şəkildə görünən qanaxma Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricitlə Vindzordakı görüşü zamanı diqqət çəkib.
Gözündə parlaq qırmızı ləkə ilə görünən kralın son halı sosial mediada və mətbuatda geniş müzakirələrə səbəb olub. Səhiyyə ilə bağlı şayiələrin qarşısını almaq məqsədilə saray mənbəsi "People" nəşrinə açıqlama verərək, səbəbin göz damarlarından birinin partlaması olduğunu bildirib. Bu vəziyyət tibbdə subkonyunktival qanaxma kimi tanınır və ciddi təhlükə daşımır.
Mütəxəssislərə görə, bu hal tez-tez öskürək, asqırma, fiziki gərginlikdən sonra baş verir. Görünüşcə narahatedici olsa da, adətən ağrısız olur, görməni təsirləndirmir və bir neçə gün və ya həftə ərzində özü-özünə sağalır.