İyunun 24-də Xorvatiyanın Zaqreb şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiya Respublikasının mədəniyyət və media naziri xanım Nina Obuljen Korzinek arasında rəsmi görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə ikitərəfli mədəni əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Xanım nazir çıxışında Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan nümayəndə heyətinin Xorvatiyaya səfərinin iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli səmimi qəbula görə təşəkkür edərək bildirib ki, ölkə rəhbərləri səviyyəsində formalaşmış səmimi dostluq münasibətləri mədəni əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Tərəflər bildiriblər ki, səfərin əsas məqsədi 2024-cü il martın 13-də Bakı şəhərində keçirilmiş Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın üçüncü iclasında əldə olunmuş razılaşmaların icrasına töhfə verməkdir.
Görüşdə mədəniyyət və yaradıcı sənayelər (MYS), kino və musiqi sahələri, o cümlədən mədəni irsin qorunması və bərpası ilə bağlı təlimlərin, vörkşopların təşkili, müvafiq sahələrdə ekspert və institutlar arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf mövcud potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.