Əvvəllər məktəb tətillərində uşaqlar teatra, muzeyə və digər mədəni tədbirlərə aparılır, onların iştirakını artırmaq üçün xüsusi təşəbbüslər göstərilirdi. İndi isə bu səylər xeyli azalıb, demək olar yoxa çıxıb.
İndiki vəziyyət niyə belədir, bu sahədə əvvəlki kimi təşəbbüslərə marağın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu tip məsələlər həmişə kölgədə olub. Şagirdlər muzeyə, kitabxanaya, mədəniyyət evlərinə, konsertlərə aparılırdı və əvvəllər bu kimi təşəbbüsləri əsasən sinif rəhbərləri təşkil edirdilər.
Onun sözlərinə görə, amma indi vəziyyət fərqlidir:
“Məsələn, valideynlər məktəbdən kənar hər hansı bir təşəbbüs göstərsələr, onların arasından biri mütləq şəkildə məsələni sosial şəbəkələrdə hallandırır. Nəticədə dərhal “məktəbdə pul yığılır” kimi yanlış təəssürat yaranır. Bu yaxınlarda Biləcəridəki məktəblərin birində belə bir hadisə baş vermişdi: valideynlər uşaqları mədəni tədbirə aparmışdılar. Lakin bu səbəbdən sinif rəhbəri pul yığmaqda ittiham edildi. Bundan sonra məktəbdən hər hansı kütləvi tədbirdə iştirak məhdudlaşdırıldı".

Məzahir Məmmədli: Sinif rəhbərləri belə bu mövzuda həvəssizdir
Onun fikrincə, belə təşəbbüslər daha çox valideynlərdən asılıdır. Lakin təhsillə bağlı istər müəllim, istər valideyn tərəfindən hər hansı bu tip təşəbbüs göstərilsə, tez-tez mənfi qarşılanır.
"Hazırda tətildir, amma müəllimlər əlavə dərslə uşaqları yükləyiblər. Sinif rəhbərlərinin belə həvəsi yoxdur ki, uşaqları toplayıb muzeyə, tanınmış şəxslərin ev muzeyinə aparsınlar, ziyalılarla görüş təşkil etsinlər".
Ekspertin dediyinə görə, bu kimi tədbirlər indi söz-söhbətə səbəb olur, məktəb rəhbərliyi isə xüsusi tapşırıq verir ki, ödənişli hər hansı fəaliyyətə qatılmayın. Nəticədə uşaqlar əylənərək öyrənə bilmirlər.
Zeynəb Rzayeva
Bakı 



