• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Məktəbin ilk günü uşağınız ağlayırsa, BUNLARI edin - İZAH 

CƏMİYYƏT

01 Sentyabr 2026 | 13:00

Məktəbin ilk günü uşağınız ağlayırsa, BUNLARI edin - İZAH

Məktəbə ilk addım uşaqlar üçün həm maraqlı, həm də həyəcanlı bir dövrün başlanğıcıdır. Birinci sinfə gedən uşağın ilk günlərdə ağlaması isə valideynlərdə narahatlıq yaradır. 

Bəs valideynlər bu mərhələdə necə davranmalı, uşağın məktəbə adaptasiyasını necə asanlaşdırmalıdır?

Klinik psixoloq Şirin Məmmədli bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, birinci sinfə gedən uşağın məktəbdə ağlaması əslində çox vaxt normal reaksiyadır. 

Onun sözlərinə görə, bu, uşağın həyatında böyük dəyişiklikdir:

“Evdən ayrılır, valideyndən bir neçə saat uzaqda qalır, yeni müəllim və yeni uşaqlarla tanış olur. Ona görə də ilk günlərdə ağlamaq mütləq uşağın məktəbdən qorxduğu və ya psixoloji probleminin olduğu anlamına gəlmir. Amma uşağın məktəbə daha rahat başlaması üçün hazırlıq elə ilk gündən yox, əvvəlcədən başlamalıdır. Valideyn məktəb haqqında danışarkən qorxuducu ifadələrdən istifadə etməməlidir. Məsələn, “məktəbdə ağlasan, müəllim səni danlayacaq” və ya “artıq uşaq deyilsən, ağlamaq olmaz” demək uşağın narahatlığını daha da artıra bilər. Əksinə, uşağa məktəbdə nələrin baş verəcəyini sadə şəkildə izah etmək, məktəbi əvvəlcədən göstərmək, mümkün olduqda müəllimi ilə tanış etmək və gündəlik rejimi tədricən məktəb rejiminə uyğunlaşdırmaq faydalıdır. Uşaq nə ilə qarşılaşacağını bildikcə qeyri-müəyyənlik də azalır”.

Ş.Məmmədli diqqətə çatdırıb ki, valideyn uşağın yanında həddindən artıq narahatlığını göstərməməlidir:

“Bəzən ana və ya ata uşağı məktəbə qoyub gedərkən özləri də çox kövrəlir, dəfələrlə “mən səni qoyub gedirəm, qorxma” deyirlər. Bu isə uşağa şüuraltı olaraq “deməli, burada qorxulu bir şey var” mesajı verə bilər. Məktəbin ilk günlərində vidalaşmanı da çox uzatmamaq daha yaxşıdır. Valideyn qısa, sakit və inamlı şəkildə vidalaşmalı, uşağa nə vaxt geri gələcəyini aydın deməlidir. Məsələn, “Sən dərsini bitirəcəksən, sonra mən gəlib səni götürəcəyəm” demək uşağa təhlükəsizlik hissi verir. Uşaq ağlayanda onu danlamaq və ya utandırmaq da düzgün deyil. “Bax, hamı sakitdir, bir sən ağlayırsan” kimi müqayisələr uşağın həm narahatlığını, həm də özünəinam problemini artıra bilər. Əvvəlcə onun emosiyasını qəbul etmək lazımdır: “Sənin üçün çətindir, bilirəm. Amma sən təhlükəsiz yerdəsən və mən dərsdən sonra gələcəyəm”.

Müsahibimiz hesab edir ki, ən vacibi isə uşağın məktəbə başlamasını böyük bir sınaq kimi təqdim etməməkdir:

“Görək məktəbdə necə olacaqsan”, “müəllim səndən razı qalacaqmı?” kimi ifadələr uşağın üzərində əlavə təzyiq yarada bilər. Məktəb uşağın özünü sübut etməli olduğu yer yox, öyrənəcəyi və yeni təcrübələr qazanacağı bir mühit kimi təqdim edilməlidir. Əgər ağlama və ayrılıq reaksiyası bir neçə həftə keçməsinə baxmayaraq çox güclü şəkildə davam edirsə, uşaq məktəbə getməkdən ciddi şəkildə imtina edirsə, davamlı fiziki şikayətlər və ya güclü təşviş yaranırsa, artıq vəziyyətə daha ciddi yanaşmaq və uşaq psixoloqundan dəstək almaq məqsədəuyğundur. Yəni məqsəd uşağın ilk gündən heç ağlamamasını təmin etmək deyil. Məqsəd ona göstərməkdir ki, yeni mühit təhlükəli deyil, valideyn onu tərk etmir və bu dəyişikliklə tədricən bacara bilər”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026