Suvarma suyunun çatışmazlığı kənd təsərrüfatının qarşısında duran ən ciddi problemlərdən biridir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri var.
Problemin obyektiv tərəfi su ehtiyatlarının az olması ilə bağlıdır. Ölkənin su rezervlərinin çoxu işğaldan azad olunduqdan sonra problemin böyük hissəsi həll olundu.
Suvarma su probleminin subyektiv səbəblərindən biri məmur özbaşınalığıdır. Bu problemin həlli məqsədilə ötən gün bir qərar verildi. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi, onun yerinə Zaur Mikayılov təyin edildi.
İqtisadçı-ekspert Xalid Kərimli Bakivaxti.az-a açıqlamasında bildirib ki, su ehtiyatları məhdud olduğuna və ödənişsiz verildiyinə görə, bu məmur özbaşınalığına və korrupsiya hallarına səbəb olur.

“Ölkədə suvarma suyunun çatışmazlığı ilə bağlı problem sirr deyil. Burada əsas nüans ondan ibarətdir ki Qafqazın digər ölkələrinə nisbətən ölkəmizin su mənbələri azdır. Suvarma suyunun bölüşdürülməsində zaman-zaman problem yaranıb. Suya yayda tələbat kəskin artır. Odur ki, qış aylarında yağış sularının yığılması üçün anbalara ehtiyac var. Su anbları olsa da, kifayət qədər deyil. Süni su hövzələri yaradılıb və yaradılmalıdır.
Onu da deyim ki, suvarma suyunun fermerlərə pulsuz verildiyinə, yəni subsidayalaşdırıldığına görə bəzən bu hal fermerlər tərəfindən də səmərəsiz istifadəyə gətirib çıxarır. Məhdud və pulsuz olduğuna görə məmur özbaşınalığına və korrupsiya hallarına səbəb olur”,-deyə X.Kərimli bildirib.
Ekspert qeyd edib ki, anbarlara suyun vurulmasında və suyun bölüşdürülməsində ədalətlilik prinsipi təmin olunmalıdır: “Qarabağ işğaldan azad olunandan sonra su mənbələrinə çıxış əldə olunub. Odur ki, problem həlli yollarından biri nəzarətin təkmilləşdirilməsi və inzibatçılığın yaxşılaşdırılmasıdır”.
Ramid İbrahimov
Bakivaxti.az
















