Son illər toy mərasimlərində müşahidə olunan dəyişikliklərdən biri də musiqi seçimidir.“Vağzalı” ilə müşayiət olunan bəy-gəlin girişlərini indi xarici musiqilər əvəz edir.
Bu, zövq məsələsi olsa da, adət-ənənələrimizə, milli kimliyimizə təsiri unudulmamalıdır.
Bakıvaxtı.az mövzu ilə bağlı paytaxt küçələrində mini-sorğu keçirib.
Paytaxt sakini, 66 yaşlı Ənvər Mustafayev hesab edir ki, nəyə dəysələr də, nəyi dəyişsələr də, toylarımız “Vağzalı”yla daha təmtaraqlı görünür:
“Toy gənclərimizin həyatında unudulmaz gündü. Həmin gün daha çox gənclərimiz əylənməlidi, oxuyub-oynamalıdırlar. Bunda işim yoxdu. Amma gənclərə bir tövsiyəm var: “Vağzalı”nı qoruyub-saxlasınlar”.
24 yaşlı Fariz Əlizadə isə deyir ki, toya bəy-gəlinin şadlıq evinə hansı musiqi ilə girib-girməyəciyini onların öz ixtiyarına buraxmaq lazımdı:
“Məndən olsa, “Lambada” ilə girərik. Onsuz da evlənəndən sonra kişinin günü qara olur. Heç olmasa, toy günü əyləncənin dadını çıxaraq” (gülür).
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, toylar Azərbaycan xalqının minillik tarixə malik adət-ənənəsidir. Bu ənənələr xalqımızın milli kimliyini, özünəməxsusluğunu və sosial xarakterini əks etdirir.
Ü.Şəfiyev qeyd edib ki, toylar təkcə iki gəncin ailə qurması deyil, həm də xalqın mədəni yaddaşının, mənəvi dəyərlərinin yaşadıldığı bir mərasimdir:
“Əlbəttə ki, biz toylarımızı milli adət və dəyərlərimizə uyğun şəkildə keçirməliyik. Çünki məhz belə mərasimlərdə xalqın arxetipləri, kollektiv şüuru və mənəvi birliyi öz ifadəsini tapır. Ona görə də çalışmaq lazımdır ki, bu kimi törənlərə və mərasimlərə əcnəbi qatqılar daxil edilməsin”.
Üzeyir Şəfiyev: Toylar daha çox diskoteka klublarını xatırladır
Sosioloq son illər bir çox toy mərasimlərində xarici musiqilərin, yad üslubun və yad elementlərin artdığı ilə bağlı təəssüfünü bildiri:
“Bəzi toylarda artıq “Vağzalı”nın sədaları eşidilmir. Halbuki bu musiqi Azərbaycan toyunun simvoludur. Bununla belə, sevindirici haldır ki, bir çox toylarımızda mərasimlər Vətən uğrunda şəhidlərimizin xatirəsi ilə başlayır, dövlət himnimiz səslənir. Bu, çox müsbət və nümunəvi addımdır. Toylarımıza belə məzmunlu qatqılar əlavə etmək lazımdır, nəinki əcnəbi ənənələr”.
Müsahibimiz hesab edir ki, biz milli kimliyimizi, mənəvi varlığımızı qorumaq üçün toy kimi qədim adətlərdən istifadə etməliyik ki, bu dəyərləri sosial varislik yolu ilə gələcək nəsillərə ötürə bilək.
Sosioloq nəzərə çatdırıb ki, toylarımız və digər mərasimlər milli adət və dəyərlərimizi yaşatmaq üçün ən təsirli vasitələrdən biridir:
“Təəssüf doğuran məqam isə budur ki, bəzi toylarda milli ruh yox olur və bu mərasimlər daha çox diskoteka klublarını xatırladır. Əlbəttə, toyda gənclər var, onların enerjisinə uyğun musiqilərin də səslənməsi təbiidir. Lakin bütün toyu bu notlar üzərində qurmaq, əcnəbi adətləri əsas götürmək milli ruhdan uzaqlaşmaq deməkdir”.
Ü.Şəfiyevin fikrincə, bu məsələdə ağsaqqalların və ağbirçəklərin fikirləri, məsləhətləri də mühümdür. Əlavə edib ki, gəncləri elə ruhda böyütmək lazımdır ki, onlar da gələcəkdə öz toylarını milli adət-ənənələrimizi yaşatmaqla həyata keçirsinlər:
“Əlbəttə, yeniliklərə də yer vermək olar, amma bu yeniliklər milli dəyərləri sıxışdırıb arxa plana keçirməməlidir. Toylarımız həm müasir, həm də milli olmalıdır - çünki bu mərasimlər bizim kimliyimizi yaşadan ən gözəl güzgülərdən biridir”.
Mina Mikayılova