Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. Dövlətlər işçilərin təhlükəsiz və sağlam istehsalat mühiti hüququnu bütün müvafiq səviyyələrdə təşviq və inkişaf etdirirlər.
Sənəddə qeyd edilib ki, konvensiyaya üzv olan dövlətlər milli siyasətini hazırlayarkən milli şərait və təcrübə nəzərə alınmaqla, eləcə də işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında peşə risklərinin və ya təhlükələrinin qiymətləndirilməsi, peşə riskləri və ya təhlükələri ilə onların baş vermə mənbəyində mübarizə, məlumatlandırma, məsləhət və təlimlər daxil olmaqla əməyin təhlükəsizliyi və gigiyenası sahəsində milli profilaktik mədəniyyətin inkişaf etdirilməsi kimi təməl prinsipləri təşviq edirlər.
Bundan əlavə, üzv olan dövlətlər işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirirlər.
Dövlətlər işəgötürənlərin və işçilərin en çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlamalı, həyata keçirib, monitorinq etməli, qiymətləndirərək, dövri şəkildə nəzərdən keçirməlidirlər.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Bakı 



