Misirin şərqindəki Sinay yarımadasında 10 min illik qayaüstü sənət arxeoloji sahəsi aşkar edilib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyindən bildirilib.
Xəbərdə qeyd olunur ki, "Ümm İraq Yaylası" kimi tanınan ərazidə 100 metr uzunluğunda qayaüstü sığınacaq var. Müxtəlif oymalar və qayaüstü rəsmlər tədqiqatçılara insan bədii ifadəsinin tarixdən əvvəlki dövrdən İslam dövrünə qədər təkamülünü izləməyə imkan verir.

Nazirlik yayımladığı açıqlamada bildirib ki, Cənubi Sinayda fəaliyyət göstərən Antik Əşyalar üzrə Ali Şura müstəsna tarixi və bədii dəyərə malik ən vacib yeni arxeoloji yerlərdən birini aşkar edib. Antik Əşyalar üzrə Ali Şuranın baş katibi Hişam Əl-Leytinin sözlərinə görə, xronoloji müxtəlifliyi oranı təbii açıq hava muzeyinə çevirir.
Qaya sığınacağının tavanında qırmızı mürəkkəblə çəkilmiş çoxsaylı rəsmlər - heyvanlar, simvollar və ərəb və nəbata dillərində yazılar var. Nazirlik mətbuat açıqlamasında bəzi qravürlərin ilk insan icmalarının həyat tərzini və iqtisadi fəaliyyətlərini əks etdirdiyini bildirib.

Antik əşyalar naziri Şerif Fəthi bu kəşfi Misir antik əşyalar xəritəsinə əhəmiyyətli bir əlavə kimi təsvir edərək bildirib ki, içəridə heyvan nəcisi, daş arakəsmələr və ocaq qalıqları buranın uzun müddət sığınacaq kimi xidmət etdiyini təsdiqləyir. Onun sözlərinə görə, bu qalıqlar minilliklər ərzində Misir ərazisinin vacib hissəsində sivilizasiyaların ardıcıllığının daha bir sübutudur.


Aydın Baxış
Bakı 




