Yekaterinburqda azərbaycanlılara qarşı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat dövlət cinayətidir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Report-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev səsləndirib.
Deputat bildirib ki, baş verənlər dövlət tərəfindən dəstəklənən terror aktı və bandit hərəkatıdır:
“Aydındır ki, Federal Xidmətin əməkdaşları gecə saatlarında, məhkəmə qərarı olmadan, Rusiya hüquq-mühafizə orqanlarının məlumatı olmadan əməliyyat keçiriblər. Beş il əvvəl baş vermiş bir hadisənin bu şəkildə araşdırılması Məlik Məmmədin nağılını xatırladır. Əgər ortada qətl varsa, insan çağırılır, dindirilib sorğu-sual olunur və günahı sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir. Bu əməliyyat Rusiya dövlətinin Azərbaycanla münasibətlərinə verilən qiymətdir. Tezliklə bu hadisənin əsl səbəbi üzə çıxacaq”.
Onun sözlərinə görə, hadisədən sonra Rusiya mediasında və müxtəlif informasiya platformalarında aparılan manipulyasiya cəhdləri göstərir ki, məsələ dövlət səviyyəsində yönləndirilir: “Biz bu qətli pisləyirik və hadisədə iştirak edənlərin hamısının cəzalandırılmasını tələb edirik. Eyni zamanda Rusiya dövlətindən, parlamentindən və digər qurumlardan izahat istəyirik. Azərbaycanla Rusiya arasında olan strateji müttəfiqlik bu hadisədə əksini tapmır. Bu, bir hökumət addımıdır və Rusiya belə addımlarla Azərbaycanla münasibətləri zəiflətmək niyyətindədir. Hazırda Rusiya dünyada təcrid olunmuş vəziyyətdədir. Bu da həmin ölkədəki bəzi şəxsləri düşündürməli və narahat etməlidir”.
Deputat əlavə edib ki, bu hadisə bir daha göstərdi ki, Azərbaycan – Rusiya münasibətlərində ciddi maneələr mövcuddur və Moskva etibarlı tərəfdaş deyil: “Əminəm ki, bu cinayət öz adekvat nəticəsini tapacaq. Rusiya institutlarının, hadisə ilə bağlı izahat verəcəyinə və zərurət yaranacağı təqdirdə, kompensasiya təqdim edəcəyinə inanıram. Hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.