• Bakı 27° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – VİDEO

MÜSAHİBƏ

12 Avqust 2026 | 23:36

Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – VİDEO

Naxçıvanda yerləşən Mömünə xatun türbəsində aparılan bərpa-konservasiya işlərinin bir neçə il ərzində həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə abidənin vəziyyətinin kompleks şəkildə araşdırılması, uyğun materialların seçilməsi və onun dayanıqlığının monitorinqi üçün nəzarət sistemlərinin müəyyənləşdirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkətinin direktoru Erix Pummer Trend-ə eksklüziv müsahibəsində bildirib.

Onun sözlərinə görə, mütəxəssislər artıq zəruri müayinələri aparıb, türbənin tarixini, eləcə də abidədə mövcud olan zədələnmələrin xarakterini araşdırıblar.

"Biz artıq zəruri araşdırmaları aparmış, abidənin tarixini və zədələnmələrini öyrənmişik. Əldə etdiyimiz təcrübə əsasında türbənin qorunmasına və sabitləşdirilməsinə imkan verəcək bir sistem təklif edirik", – deyə Pummer qeyd edib.

O vurğulayıb ki, hazırkı mərhələ bir neçə il davam edəcək layihənin ilk mərhələsidir.

"İlk mərhələdə hansı sistem və materiallardan istifadə edilməli olduğunu, həmçinin abidənin statik vəziyyətinə daimi nəzarət üçün hansı sistemlərin tətbiq oluna biləcəyini müəyyənləşdirmək xüsusilə vacib idi. Hazırda üzərində çalışdığımız əsas məsələlər bunlardır", – şirkətin direktoru deyib.

Qeyd edək ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Mömünə xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

Bərpa işləri Naxçıvan Muxtar Respublikasının tarixi-memarlıq irsinin qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində aparılır. 2023–2025-ci illərdə yerli və xarici mütəxəssislər tərəfindən türbənin vəziyyəti ilə bağlı müayinə və araşdırmalar aparılıb və nəticədə bərpa-konservasiya işlərinin görülməsinin zəruriliyi təsdiqlənib.

2025-ci ildə dövlət başçısı dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Mömünə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Türbə 1186-cı ildə görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən inşa edilib və Atabəylər memarlıq kompleksinin bir hissəsi olub. Kompleksdən dövrümüzə yalnız bu abidə gəlib çatıb.

Hazırda mütəxəssislər türbənin bərpası və dam örtüyünün yenidən qurulması üzrə işlər aparır, tikilinin mövcud mailliyini ölçür və nəzarətdə saxlayır, həmçinin drenaj sistemi yaradırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026