Gürcüstanda yaşayan azərbaycanlıların təhsil məsələsi son illərdə diqqət çəkən mövzulardan biridir.
Bakıvaxtı.az Gürcüstandakı azərbaycandilli məktəblərin vəziyyəti ilə bağlı "Maarif" təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Hazırda Gürcüstan məktəblərində Azərbaycan dilində dərslərin səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Sovet dövründə Gürcüstanda 319 azərbaycandilli məktəb fəaliyyət göstərirdisə, hazırda onların sayı 116-dır. Məktəblərin sayının zamanla azalmasına və bəzi məktəblərin bağlanmasına müxtəlif amillər, o cümlədən infrastruktur problemləri və kadr çatışmazlığı təsir edib.
Digər tərəfdən, müəllimlərin peşə hazırlığı da ciddi diqqət tələb edən məsələlərdəndir. Gürcüstanda ilk dəfə 2022-ci ildə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə sertifikasiya imtahanı keçirilib. İmtahanda təcrübəçi statusunda olan 239 müəllim iştirak edib və onların yalnız 37-si 61 faizlik baryeri keçə bilib. Bu göstərici Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin peşəkar hazırlığı ilə bağlı müəyyən problemlərin olduğunu göstərir.

- PISA nəticələrində azərbaycandilli və gürcüdilli məktəblərin şagirdləri arasında ciddi fərq yaranmasının əsas səbəbləri nələrdir?
- PISA 2022 nəticələri də azərbaycandilli məktəblərdə təhsilin nəticələri ilə bağlı müəyyən narahatlıqların olduğunu göstərir. Azərbaycandilli və gürcüdilli məktəblərin şagirdləri arasında riyaziyyat üzrə 73 bal, oxu üzrə 80 bal, təbiət elmləri üzrə isə 81 bal fərq qeydə alınıb. Xüsusilə oxu savadlılığı üzrə göstəricilərin aşağı olması diqqət çəkir.
Bu nəticələrin müxtəlif səbəbləri ola bilər. Kadr çatışmazlığı, ixtisaslı müəllimlərin azlığı və bəzi hallarda müəllimlərin öz ixtisaslarına uyğun olmayan fənləri tədris etməsi bu amillər sırasında göstərilə bilər. Azərbaycandilli məktəblərdə də qeyri-ixtisas fənn müəllimlərinin Azərbaycan dili və ədəbiyyatını tədris etdiyi hallar var. Hazırda belə müəllimlərin sayının 100-ə yaxın olduğu bildirilir. Yəni həmin müəllimlər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirməyiblər, lakin uyğun kadr olmadığı üçün bu fənni tədris edirlər. Bənzər hallara digər fənlər üzrə də rast gəlinir.

- Niyə artıq təxminən 20 ildir Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə yeni kadr hazırlanmır?
- Əlbəttə, Gürcüstanda öz işini yüksək səviyyədə həyata keçirən, savadlı və peşəkar Azərbaycan dili və ədəbiyyatı müəllimlərimiz də var. Məsələyə ümumi şəkildə yanaşdıqda isə PISA 2018 və 2022-ci illərin nəticələri göstərir ki, azərbaycandilli məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində hələ də görüləsi işlər var.
Məncə, əsas məsələ yalnız mövcud problemləri sadalamaq deyil, onların həlli istiqamətində yeni mexanizmlər yaratmaqdır. Bunun üçün ilk növbədə ixtisaslı Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin hazırlanması, gənc kadrların bu sahəyə cəlb olunması və azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin sistemli şəkildə artırılması vacibdir.
- Azərbaycandilli məktəblərdə gürcü dili də mütləq şəkildə keçilirmi?
- Bəli, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə gürcü dili hər zaman tədris olunub. Hazırda da gürcü dili bu məktəblərdə hər gün tədris edilir. Hətta gürcü dili üzrə ayrılan dərs saatlarının sayı Azərbaycan dili üzrə dərs saatlarından daha çoxdur. Əksər məktəblərdə Azərbaycan dilinə həftədə 1–2 saat ayrıldığı halda, gürcü dili həftənin hər günü tədris olunur. Bu da dövlət dilinin öyrənilməsinə xüsusi önəm verildiyini göstərir.
Onu da qeyd edim ki, azərbaycandilli məktəblərdə Azərbaycan dili üzrə kadr çatışmazlığı ilə bağlı müəyyən problemlər yaşansa da, gürcü dili üzrə belə bir problemdən danışmaq olmaz. Bu məktəblərdə gürcü dilini həm etnik gürcülər, həm də azərbaycanlı müəllimlər tədris edirlər. Azərbaycandilli məktəbləri bitirib gürcü dilində sərbəst danışan çoxsaylı məzunlarımız var. Əgər məktəbdə tədris prosesi düzgün təşkil olunursa və müəllim öz işinə məsuliyyətlə yanaşırsa, şagirdlərin gürcü dilini öyrənməsi ilə bağlı ciddi problem yaranmır.
- Bundan sonra Gürcüstan Azərbaycan dilinin tədrisini necə dəyişəcək?
- Sovetlər dövründə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərirdi və burada Azərbaycan dili və ədəbiyyatı müəllimləri hazırlanırdı. Sonralar bu ali təhsil müəssisəsinin adı dəyişdirilərək İlia Dövlət Universiteti oldu. 2005-ci ildə İlia Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası bağlandı, 2006-cı ildən isə bu ixtisasa tələbə qəbulu tamamilə dayandırıldı. Nəticədə artıq təxminən 20 ildir Gürcüstanda bu istiqamət üzrə yeni kadr hazırlanmır. Bu gün məktəblərdə Azərbaycan dili və ədəbiyyatını həmin ixtisas üzrə ali təhsil almayan şəxslərin də tədris etdiyi hallar var. Ona görə də Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının Gürcüstanda yenidən bərpa olunmasına ciddi ehtiyac var.
Tbilisi Dövlət Universitetində illərdir “Ermənişünaslıq” ixtisası fəaliyyət göstərir. Bu ixtisası bitirənlər erməni dili üzrə sertifikasiya imtahanından keçdikdən sonra baş müəllim statusu əldə edə və daha yüksək əməkhaqqı ilə işləyə bilirlər. Eyni imkanın Azərbaycan dili və ədəbiyyatı üzrə də yaradılması, bu istiqamətdə ixtisaslı müəllimlərin hazırlanması baxımından mühüm addım olardı.

- Azərbaycandilli məktəblərin gələcəyini qorumaq üçün Gürcüstan hökumətindən konkret olaraq hansı addımları gözləyirsiniz?
- Azərbaycandilli məktəblərimizi yaşatmaq və qorumaq üçün ilk növbədə Gürcüstanda universitetlərdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası yenidən açılmalıdır. Əks halda, zaman keçdikcə məktəblərdə kadr çatışmazlığı daha da dərinləşə və təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı ciddi suallar yarana bilər.
Elmi tədqiqatlar göstərir ki, şagirdin ana dilində möhkəm təmələ sahib olması onun digər dilləri öyrənməsinə və müxtəlif fənlər üzrə akademik nəticələrinə də müsbət təsir göstərir. Buna görə də ana dilinin yüksək səviyyədə tədrisi yalnız Azərbaycan dili fənninin mənimsənilməsi məsələsi deyil, şagirdin ümumi təhsil uğurunun vacib şərtlərindən biridir.\
Ona görə də Azərbaycan dili məsələsinə yalnız bir fənnin tədrisi kimi yox, azərbaycandilli məktəblərin və ümumilikdə Gürcüstan azərbaycanlılarının gələcəyi baxımından yanaşmaq lazımdır.
Günəş Mərd




