• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əməkdar jurnalist Yasamal qəbiristanlığında dəfn edildi - YENİLƏNİB - FOTO

CƏMİYYƏT

22 Avqust 2026 | 14:43 | Müəllif: Ayyət Əhməd

Əməkdar jurnalist Yasamal qəbiristanlığında dəfn edildi - YENİLƏNİB - FOTO

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.

    Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:

    “Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.

    “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

    Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.

    13:02

    Xəbər verdiyimiz kimi, tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

    Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hazırda “Təzə Pir” məscidində Nurani Qasımova ilə vida mərasimi keçirilir.

    Vida mərasimində Media İnkişafı Agentliyinin rəhbərliyi, media nümayəndələri və Nuraninin digər yaxınları iştirak edir.

    09:06

    Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.

    Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
    O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”–“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.

    Nurani Qasımova uzun illər beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və digər geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın tanınmış siyasi yazarlarından biri olub. Onun dərin təhlilləri, peşəkar yanaşması və prinsipial mövqeyi həm media cameəsində, həm də oxucular arasında böyük hörmət qazandırıb.

    Nurani Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

    Nurani Qasımova Azərbaycan jurnalistikasında dərin iz qoymuş tanınmış qələm sahibləri – Fazil Qasımov və Dilbər Axundzadənin qızı idi.

    Allah rəhmət eləsin!


    Əməkdar jurnalist Yasamal qəbiristanlığında dəfn edildi - YENİLƏNİB - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Noyabr 2026