Berlində yerli hakimiyyət orqanlarının özəl mənzildə quraşdırılmış duş kabinəsinin sökülməsi barədə qərarı müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Berlinin Kreuzberg rayonunda, sosial mənzillərin qorunması üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazidə baş verib.
Bu rejimə əsasən, rəsmilər mənzilin kirayə qiymətinin artmasına səbəb ola biləcək bahalı təmir və əlavə rahatlıqların yaradılmasına məhdudiyyət qoya bilirlər. Sözügedən mənzildə 43 yaşlı Kasper İ. təxminən 10 ildir yaşayır. Mənzildə yalnız qısaldılmış vanna olduğundan sakin burada nə rahat şəkildə uzana, nə də normal duş qəbul edə bilib. Buna görə mənzil sahibi ayrıca duş kabinəsi quraşdırıb. Problem isə mənzil sahibi sonradan edilən dəyişiklikləri rəsmiləşdirmək istədikdə ortaya çıxıb. Rayon administrasiyası duş kabinəsinin sökülməsini tələb edib. Rəsmilər bildiriblər ki, bu cür yeniliklər mənzilin komfort səviyyəsini və nəticədə kirayə haqqını artıra bilər. Qaydalar həmin ərazilərdə yalnız duş kabinəsinə aid deyil. Kamin, döşəməaltı isitmə sistemi, əlavə vanna otağı və ya duşun yaradılması, eləcə də bir neçə kiçik mənzilin birləşdirilərək böyük mənzilə çevrilməsi də xüsusi icazə tələb edə bilər. Yaşayış sahəsinin kommersiya məqsədli obyektə çevrilməsi də icazəsiz mümkün deyil. Kasperin yaşadığı mənzildə duş kabinəsi vaxtında icazə alınmadan quraşdırıldığı üçün rəsmilər illər sonra bundan xəbər tutduqda onun sökülməsi barədə göstəriş veriblər. Sakin əvvəlcə aldığı məktubun səhv və ya zarafat olduğunu düşünüb. O, qərardan şikayət etməyə çalışaraq rəsmilərə mövcud rahatlıqları sökdürmək əvəzinə daha çox mənzil tikintisinə diqqət yetirməyi təklif edib. Lakin rayon rəhbərliyini fikrindən daşındırmaq mümkün olmayıb. Nəticədə duş kabinəsi xüsusi şirkət tərəfindən sökülüb. İşlərin təxminən altı gün davam etdiyi, xərclərin isə mənzil sahibinin üzərinə qoyulduğu bildirilir. Kasper qərarı absurd adlandırıb və səhər harada, necə duş qəbul etməsinə rayon administrasiyasının qərar verməməli olduğunu bildirib.Maraqlıdır ki, duş kabinəsinin sökülməsindən sonra kirayə haqqı azalmayıb. Sakin kommunal xərclər daxil olmaqla mənzil üçün əvvəlki kimi ayda 970 avro ödəməyə davam edir. Beləliklə, kirayəçi ayrıca duş kabinəsindən məhrum olsa da, bunun müqabilində kirayə haqqına heç bir güzəşt edilməyib.




