• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Uğur təsadüf deyil, planlı əmək, intizam və səbirin nəticəsidir - 676.5 bal toplayan Murad Əzizovla MÜSAHİBƏ

MÜSAHİBƏ

29 Iyul 2026 | 15:14

Uğur təsadüf deyil, planlı əmək, intizam və səbirin nəticəsidir - 676.5 bal toplayan Murad Əzizovla MÜSAHİBƏ

Bu il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 676.5 bal toplayaraq yüksək nəticə göstərən Əzizov Murad Nemət oğlunun seçimi Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasıdır. Gənc abituriyentin ən böyük arzusu isə gələcəkdə peşəkar beyin cərrahı kimi fəaliyyət göstərməkdir.

Bakıvaxtı.az yüksək nəticə göstərən Murad Əzizovla həmsöhbət olub.

- Murad, ilk növbədə sizi təbrik edirik. 676.5 bal topladığınızı öyrənəndə ilk reaksiyanız necə oldu?

- Çox sağ olun. Nəticəni görəndə ilk olaraq ailəmi qucaqladım. Uzun aylar davam edən zəhmətin bəhrəsini görmək sözlə ifadə olunmayacaq hiss idi. Bu nəticə mənə böyük sevinc və eyni zamanda daha böyük məsuliyyət hissi verdi.

- Azərbaycan Tibb Universitetini seçməyiniz təsadüfi qərar idi, yoxsa əvvəldən qarşıya qoyduğunuz məqsəd?

- Bu, uzun illərdir qarşıma qoyduğum məqsəd idi. Uşaqlıqdan biologiya və insan orqanizminin fəaliyyəti məni maraqlandırır. Ona görə də seçimim məhz Azərbaycan Tibb Universiteti oldu.

- Gələcəkdə beyin cərrahı olmaq istədiyinizi deyirsiniz. Bu ixtisası seçməyinizə nə səbəb olub?

- Mənə görə neyrocərrahiyyə tibbin ən mürəkkəb və ən məsuliyyətli sahələrindən biridir. Beyin insan orqanizminin ən vacib orqanıdır və burada aparılan hər əməliyyat insan taleyinə təsir edir. Bu sahədə peşəkarlaşmaq, insanların həyatını xilas etmək və elmə töhfə vermək istəyirəm.

- Bu nəticəni əldə etmək üçün gündə neçə saat hazırlaşırdınız?

- Dəqiq saat hesablamırdım. Əsas məqsədim mövzuları tam mənimsəmək idi. Günlük plan əsasında hazırlaşır, mütəmadi testlər işləyir və zəif olduğum mövzulara daha çox vaxt ayırırdım. İntizamlı olmaq uğurun əsas şərtlərindən biridir.

- Hazırlıq müddətində ən böyük çətinlik nə oldu?

- Yorğunluq və psixoloji gərginlik bəzən çətinlik yaradırdı. Ancaq məqsədimi düşündükcə motivasiyam yenidən artırdı. Ailəmin və müəllimlərimin dəstəyi bu yolda mənə çox kömək etdi.

- Bu uğurda kimlərin əməyi var?

- İlk növbədə valideynlərimin. Onlar hər zaman mənə inanıb və dəstək olublar. Müəllimlərimin də üzərimdə böyük zəhməti var. Bu nəticə təkcə mənim deyil, onların da uğurudur.

- Universitet illərində özünüzü necə inkişaf etdirmək istəyirsiniz?

- Dərslərlə yanaşı, elmi tədqiqatlarda iştirak etmək, praktik biliklərimi artırmaq və xarici ölkələrdə təcrübə proqramlarına qatılmaq istəyirəm. Məqsədim gələcəkdə peşəkar neyrocərrah kimi fəaliyyət göstərməkdir.

- Gələcək planlarınız nələrdir?

- Təhsilimi uğurla başa vurmaq, ixtisaslaşma mərhələsini yüksək nəticələrlə keçmək və müasir tibbin bütün yeniliklərini öyrənmək istəyirəm. Arzum həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə tanınan beyin cərrahlarından biri olmaqdır.

-Qəbul imtahanlarına hazırlaşan həmyaşıdlarına nə demək istərdiniz?

- Özlərinə inansınlar və heç vaxt ruhdan düşməsinlər. Uğur təsadüf deyil, planlı əmək, intizam və səbirin nəticəsidir. Məqsədiniz aydındırsa, ona çatmaq üçün hər gün bir addım atın.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Mənə inanan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə yaxşı həkim olaraq insanların sağlamlığına xidmət edəcək və ölkəmə faydalı bir vətəndaş olacağam.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026