• Bakı 24° C

    13.24 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Dünyanın gələcəyini 4 dövlət müəyyən edəcək – Tofiq Abbasovla MÜSAHİBƏ

MÜSAHİBƏ

07 Iyul 2026 | 16:31

Dünyanın gələcəyini 4 dövlət müəyyən edəcək – Tofiq Abbasovla MÜSAHİBƏ

Son bir ildə keçirilən ikitərəfli və çoxmillətli hərbi təlimlərin sayında artım hiss olunur. Bu təlimlər əksər hallarda gələcək təhlükəsizlik arxitekturasının ideoloji əsaslarını müəyyən edən strateji addımlar hesab olunur. Təlimlər ətrafında aparılan müzakirələrin geosiyasi aləmin gələcək taleyinə təsiri isə qaçılmazdır.

Bu kontekstdə beynəlxalq aləmin mövcud gedişatı ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tofiq bəy, ölkələrarası keçirilən hərbi təlimlərdə məqsəd nədir?

- Ümumiyyətlə, beynəlxalq hərbi-siyasi aləmdə təlimlərin özünəməxsus yeri var və onlar elə mesaj anlamına gəlir. Yəni, ölkələr təlim keçirməklə həm özlərinin siyasi həmrəyliyini göstərirlər, həm də toqquşmalarda qarşılıqlı əməkdaşlığa getməkdən ötrü hazırlıq işlərini görürlər. Bu kontekstdə Rusiya-Çin təlimi indiki şəraitdə sözsüz ki, Amerika Birləşmiş Ştatlarına ünvanlanan mesajdır. Çünki faktiki olaraq  görürük ki, Tramp dildə Rusiya ilə münasibətləri bərpa etmək istəyir. Müharibənin əleyhinə çıxış edir ki, Ukrayna artıq bu müharibəni dayandırsın, sülh danışıqlarına başlasın, amma əslində Rusiyanın siyasi elitasında vahid və yekdil bir fikir ondan ibarətdir ki, ümumiyyətlə, bu müharibəni meydana gətirən Amerika Birləşmiş Ştatlarının "establishment"i olub. Avropalılar burada ikinci dərəcəli rol oynayırlar. Trampın artıq hakimiyyətə gəlişi isə onu göstərdi ki, guya bu müharibəni dayandırmaq istəyir.

- ABŞ və Qərbin Rusiya ilə bağlı ortaq məqsədi nədir?

- Amerika Birləşmiş Ştatlarının "establishment"i özlüyündə çox dərin bir sistemdir. Yəni, burada dərin dövlət deyirlər. Düzü, mən onu elə düz saymıram, burada dərin hakimiyyətin özünəməxsus planları da yer alır.  Amerika Birləşmiş Ştatlarının və ümumilikdə Qərbin məqsədlərindən biri o idi ki, Rusiyanı maksimal dərəcədə zəiflətsinlər. Əslində elə Ukrayna münaqişəsi vasitəsilə də onu zəiflətdilər. Hamı deyir ki, guya hücumu Rusiya edib, Ukrayna işğala məruz qalıb və sair. Bu, düzdür, amma digər tərəfdən Rusiya niyə bunu etdi? Niyə Ukraynaya hücum etdi? Çünki  Qərb dövlətləri və Amerika Birləşmiş Ştatları başda olmaqla, Avropadakı üçlük – Fransa, Almaniya və Böyük Britaniya Ukrayna ordusunu müharibəyə hazırlayırdılar. Əslində bu məsələlərlə bağlı həmişə ən dəqiq və səlis məlumatları kəşfiyyat əldə edir, ümumi detalların hamısını bir xəttə düzərək yeganə bir vahid fikir yürüdür. Bu baxımdan sonradan bəlli oldu ki, elə bir çox Avropa ölkələrinin xüsusi təyinatlı instruktorları, təlimatçıları məhz Ukraynanın ordusunun birləşmələrini həqiqətən də Rusiya ilə müharibəyə hazırlayıblar. Məqsəd Rusiyanı zəiflətsinlər, yeri gələrsə, orada böyük bir cəbhə ilə Rusiyaya qarşı çıxış etsinlər və hətta siyasi xəritədə köklü dəyişikliklərə nail olsunlar.

- Qeyd etdiyiniz ölkələri bu istəyinə çatmış hesab etmək olarmı?

- Rusiya qabaqlayıcı addım atdı. Rusiyanın imkanları daha böyükdür, onu tez bir zamanda təcrid etmək mümkün olmayacaq. Ancaq Ukrayna yavaş-yavaş açıq-aşkar bildirir ki, onun artıq nəfəsi çatmır. Hazırda Qərb Ukraynaya 90 milyard dollar verəcəyini vəd edib. Digər tərəfdən isə Ukraynanı hələlik qarşıdurma meydanında saxlamağa çalışacaqlar. Bu, epizodik bir məqamdır.

- Çin və Rusiya qarşıdakı dövrdə ABŞ-yə qarşı birləşə bilərmi?

- Hazırda Pekinlə Moskva Amerikaya qarşı bir siper qurmağın niyyətini açıqlayırlar. Ötən əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatları Mao Tszeduna müraciət etdi ki, gəlinSovet İttifaqını birlikdə diz çökdürək, onu təslim edək və buna nail oldular. Təsadüfi deyil ki, o dövrdə Amerika diplomatiyasının öncüllərindən sayılan Henri Kissincer şəxsən gedib Mao Tszedunla görüşmüşdü. Daha sonra Amerikanın Çindəki səfirinə xüsusi təlimatlar verilirdi ki, onlar bu məsələdən bərk yapışsınlar və Sovet İttifaqına qarşı bir planlı proqramı həyata keçirsinlər. Nəticə etibarilə də bunu etdilər. Məhz Çinin iqtisadiyyatının dirçəlməsi ondan sonra başladı.Çünki Amerika Birləşmiş Ştatları külli miqdarda investisiyalar etdi, sonra texnologiyaları Çinə gətirdilər və çox ucuz işçi qüvvəsinin vasitəsilə həm Çinin iqtisadiyyatına nəfəs verdilər, həm də özləri  qazanclar əldə etdilər. İndi isə artıq yeni bir mərhələ başlayıb. İndi biz görürük ki, çiplərin dövrüdür, rəqəmsallaşma prosesləri geniş vüsət alır, süni intellektdən istifadə olunur və bunların hamısı bir meydandadır. Tərəflər çalışırlar ki, onlardan maksimal dərəcədə istifadə etsinlər ki, ümumi rəqibi zəiflətsinlər.

Hazırda Rusiya ilə Çin anlayırlar ki, Ukraynada başlamış müharibə, Amerikanın İrana hücumu, İsraildən istifadə etməsi və s. artıq özünəməxsus bir çağırışlardır və onların qarşısında təslim olmaq olmaz, geriləmək də olmaz. Bu baxımdan hazırda Uzaq Şərqdə, dənizlərdə təlimlər keçirilir. Eyni zamanda xüsusi təyinatlı dəstələrin özlərinə məxsus bir koordinasiyası var ki, hazırlıq şəraitində olsunlar və lazım gələrsə, öz imkanlarını istifadə etsinlər.

- ABŞ, Rusiya və Çin gələcəyin super dövlətləri ola bilərmi?

- Vaşinqton-Moskva-Pekin çərçivəsində tez-tez dəyişmələr olub və olacaq. Mən elə başa düşürəm ki, bu üç dövlət, üstəgəl Hindistan gələcəyin super dövlətləridir. Qeyd olunan ölkələr bütün dünyanın vəhdətini həll etməyə cəhdlər göstərəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR