• Bakı 14° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Müəllimlərin maaşında yeni yanaşma: Təhsilin keyfiyyəti də dəyişəcəkmi?

CƏMİYYƏT

05 Noyabr 2025 | 13:34

Müəllimlərin maaşında yeni yanaşma: Təhsilin keyfiyyəti də dəyişəcəkmi?

Milli Məclisin ötənhəftəki iclasında elm və təhsil nazirinin müavini İdris İsayev müəllimlərin maaş sistemindən danışıb.

Bakıvaxtı.az xatırladır ki, o, "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə planlar kəskin surətdə azalıb, ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməlidirlər. İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Əməkhaqqının dərs saatına deyil, iş saatına görə verilməsinin nə kimi əhəmiyyəti var? Başqa ölkələrində bu məsələ necə tənzimlənir?

Suallarımızı cavablandıran təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri Bakıvaxtı.az-a bildirib ki, bu məsələ hələ ictimai müzakirə mərhələsindədir:

“Bəzi qeyri-rəsmi məlumatlara görə, 2026-cı ildən etibarən müəllimlərin maaşının dərs saatına deyil, iş saatına görə hesablanacağı bildirilir. Amma rəsmi mənbələrə əsaslanan dataları gözləməliyik. Çünki ictimai müzakirələrə ötürülən informasiya öncə süzgəcdən keçirilməli və ona dair fikirlər incələnməlidir”.

E.Nuri diqqətə çatdırıb ki, müəllimlər bu yanaşmanı birmənalı qarşılamayıblar:

“Bu, 90 faiz müəllimin ürəyincə olmayan metod kimi dəyərləndirilib. Onları anlamaq olar. Bu gün müəllimləri iqtisadi cəhətdən ayaqda saxlayan repetitorluqdur. Müəllim dərs saatını tamamlayandan sonra ya evində, ya da başqa məkanda repetitorluq fəaliyyəti ilə məşğul olur. Amma o tipli müəllimlərin əmək haqqının dərs saatı deyil, iş saatına görə hesablanması onların bütün proqramını pozmuş olur. Bu aspektdən yanaşanda müəllimlərin narazılıqları anlaşılandır”.

Repetitorluğun təhsilimizə zərbə vurduğunu deyən ekspert vurğulayıb ki, hazırlıqlar məktəbin imicini korladı, təhsili əzbərəyönəlik informasiyanın təsiri altına saldı, məktəbin mahiyyətini yalnız imtan prosesinə görə yekunlaşdırdı:

“Amma bu, ən azından maaşları o qədər də yüksək olmayan müəllimlər üçün bir növ qazanc mənbəyidir. Digər tərəfdən isə təhsili ayrı-ayrı məkanlardan çıxarıb, məktəbə qaytarmaq lazımdır. Bu gün bizim məktəbimiz bir institut olaraq öz mahiyyəti üzrə hərəkət etmir. Bəzi müəllimlər fənlərə analitik düşüncəni formalaşdıran şəxsiyyətyönümlü məzmun xətləri kimi yanaşmırlar. Həmin fənlərə aid olan mövzuların imtahan göstəricilərinə diqqət edirlər. Müəllim açıq şəkilə bildirir ki, filan mövzu imtahana düşmür, mən onu niyə tədris edim ki?! Amma anlamaq lazımdır ki, fənn, mövzu təkcə imtahan üçün deyil. Həmin məzmun xətti şagirdin təhtəlşüruna inkişafyönümlü təsir göstərməlidir”.

Elmin Nuri: Təhsili ayrı-ayrı məkanlardan çıxarıb, məktəbə qaytarmaq lazımdır

Müsahibimizə görə, bu yanaşmaların dəyişilməsi üçün bu addıma çoxdan ehtiyac duyulurdu:

“Amma həmin addımın faydalı olub-olmayacağı, qərarın müsbət nəticə verib-verməyəcəyi bilinmir. Bu, mənim üçün sual altındadır. Düşünə bilərik ki, müəllim repetitor fəaliyyətini azaldıb, bütün gücünü sinfə sərf edəcək, amma o, bunu edəcəkmi? Bu da məlum deyil”. 

E.Nuri hesab edir ki, hər bir halda belə bir qərarın reallaşacağını gözləməliyik:

“Dünya təhsilində trendlər dəyişir, məktəbin innovativlik funksiyası daha da artır. Belə olduğu halda ölkəmizdə güclənmiş repetitor ordusunun məktəbə dırnağarası, “olsa pis olmaz” məntiqi ilə yanaşması doğru deyil”.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Noyabr 2025