Vətəndaş ona məxsus daşınmaz əmlakın "Kristal Abşeron" ASC tərəfindən dağıdıldığını iddia edir.
Bu barədə Bakı sakini Etibar Məlikovun Bakıvaxtı.az saytının redaksiyasına ünvanladığı müraciətdə qeyd olunub.
Birinci Qarabağ müharibəsi veteranı olan E.Məlikov hazırda yataqxanada məskunlaşmaq məcburiyyətində qaldığını bildirib.
“Yasamal rayonu Qanlıgöl massivi 2A ünvanda 4 sota yaxın torpağı, 21.84 kvadrat metr sahəsi olan otaq və sanitar qovşağı olan mənzil 30 ildən artıqdır istifadəmdədir. Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə tingləri əkərək onlara qulluq edib böyütmüşəm.
Ötən ilin ortalarından “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirib. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi isə axıra saxlayıblar. Razılaşan qonşuların hasarlarını söküb evimin hər tərəfini zibilliyə çevirəndən, su sayğacımı sındırıb atandan, evin şüşələrini çilik-çilik edəndən sonra məni şirkətə dəvət etdilər”, - deyə vətəndaş bildirib.
Onun sözlərinə görə, şirkətin əməkdaşı onun evinin və sanitar qovşağın taxtadan tikildiyini deyərək ona mənzil verə bilməyəcəklərini bildirib: “Mənzilimin içərisinin yalnız 15 kvadratmetr ərazisi olduğunu iddia edərək ümumilikdə 1500 manat kompensasiya təklif etdi və müharibə veteranına hörmət əlaməti olaraq məbləğin iki mislini, yəni 3000 manat veriləcəyini bildirdi. Şirkətin Şahvələd adlı şəxsi bu pulu götürməyə razılaşmasam, məni Yasamal rayon İcra Hakimiyyəti ilə hədələdi. Guya həmin ərazidə yaşayanların hamısının əlində sənəd varmış, təkcə məndən başqa”.
Bakıvaxtı.az olaraq müharibə veteranının şikayəti ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxladıq. Şirkətin PR və Marketinq şöbəsindən saytımıza bildirildi ki, Etibar Məlikovun müraciəti araşdırılır.
Vətəndaş Etibar Məlikov məsələ ilə bağlı media ilə yanaşı müvafiq dövlət qurumlarına müraciət edib.
Ramid İbrahimov



jpeg-1646836094.jpeg)
jpeg-1646836094.jpeg)






-bvjpg-1649421209.webp)








